Ayaz Arabaçı : - Qoy çıxım, gedim.

Könül süfrəmizə qoyma nar kimi,
Qurutduq bu eşqi bir pinar kimi,
Həsrət aramızda xan çinar kimi
Verdi altdan-altdan boy, çıxım gedim,
Qoy çıxım, gedim.
Məni bu sevdaya kim tilsimlədi,
Deyimmi, cavabı tək isimlədi,
Sinəmdən aldığım yaram simlədi,
Bəsdi hoy üstündən hoy, çıxım gedim.
Qoy çıxım gedim.
Buna da alışdı can adət kimi,
Düşdü hər dəyərdən bir alət kimi,
Saza qan udduran Ədalət kimi,
Tutdun ürəyimə toy, çıxım gedim,
Qoy çıxım gedim.
Yoxdu bir səadət məcmuununda,
Yoxdu Fərhadında, Məcnununuda,
Qətlinə fərman ver son cünunun da,
Kəsilsin bu imza, soy çıxım gedim,
Qoy çıxım gedim.
Bir sevda qaldırdı məni dördtəkər,
Dedim bu xoşbəxtlik bir ömür çəkər,
Bir az artıq oldu bu qədər şəkər,
Sən də bu sevgidən doy, çıxım gedim.
Qoy çıxım gedim.