AY Bəniz Əliyar : - yolda bir şeir uydurdum,

Ədəbiyyat 22:01 / 09.07.2025 Baxış sayı: 1237

yolda bir şeir uydurdum,

yeni, yepyeni bir şeir.

telefon söndü,

yazmağa

tapa bilmədim bircə yer.

çatdım evə, yazım, dedim,

bir azcana vaxt var kimi.

Sahib müəllim zəng elədi,

qaçırtdı ilham pərimi.

bulaşdırdım əl-üzümə

şairlərin bir "fəndini".

uşaq kimi əzbərimdə

tutdum şeirin şah bəndini.

onu yazıb bitirməmiş,

Sabircan səsləndi mənə:

Ana, yeməyə nəyin var?

Şeir alt-üst oldu yenə.

yarım qalsın istəmədim,

dedim, yazaram indicə.

başağrı, halsızlıq yenə

qonağım oldu bu gecə.

çökdü günün ağırlığı,

qarışdı axşamın şəri.

Şükür sənə, dedim, Allah,

Şeirlə açdım səhəri.