Arzu Əsəd - Hadisələr göstərdi ki
Ağ evdə Trampla görüşdə Qazaxıstan prezidenti onu "göylərdən endirilmiş dövlət adamı", Özbəkistan prezidenti isə "dünyanın başqanı" adlandırıb.
İstər-istəməz bir müddət əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Trampla görüşü yada düşür. Azərbaycan prezidentinin Trampa hörmət və ehtiramını ifadə etməkdə, onun görkəmli siyasət xadimi olduğunu vurğulamaqda necə ölçülü, ləyaqətli davranması, özünün və təmsil etdiyi dövlətin, xalqın adını, dəyərlərini qoruyacaq söz və ifadələr seçməsi, lazımi şəraitdə zarafatlar edib ürəkdən qəhqəhə çəkib gülməsi, beləliklə də bütün tərəflər üçün əlverişli, sərbəst danışıqlar əhval-ruhiyyəsi yaratması gözəl bir nümunə idi...
Son dərəcə əminəm ki, siyasi-iqtisadi, diplomatik münasibətləri, insan psixologiyasını belə dərindən bilən, bütün danışıqlarında hadisələrin mahiyyətini, nüvəsini, deməli, zamanın nəbzini böyük məharətlə tuta bilən İlham Əliyev Böyük Zəfərdən sonra ölkədə gözlənilən daxili islahatları da başladıb uğurla həyata keçirəcək.
Belə yüksək tarixi təfəkkürlü şəxs gördüyü işləri yarımçıq qoymaz, uçmağa hazır olan Azərbaycanı tək qanadlı qalmağa qoymaz. Mənim gördüklərim budur ki, hazırkı şəraitdə ölkələrin daxili siyasətləri ilə geosiyasət arasında bütün zamanlarda olduğundan daha çox qarşılıqlı əlaqə və asılılıq var. Bəli, bu qətiyyən bir bəhanə deyil.
Hadisələr göstərdi ki, bizim yaxın, böyük qonşularımız Azərbaycan xalqının rifah içində yaşamasını özlərinin daxili siyasətinə son dərəcə kəskin təsir göstərəcəklərini bildiklərinə görə bütün vasitələrlə islahatların qarşısını almağa çalışırlar. Bu baxımdan mövcud şəraitdə daxili siyasətdə islahatlara başlamanın da bir müharibənin başladılması kimi sirli olması, burada da nəyin "nə vaxt və necə" olmasının əvvəlcədən bəyan edilməməsi son dərəcə başa düşüləndir. Əksini heç düşünmürəm.
İlham Əliyevin daxili islahatların keçirilməsini, bunun üçün təmizlik və hazırlıq işləri aparmasını, öz rəhbərliyi altında Azərbaycanın neçə yüz illik tarixində əldə etdiyi misilsiz qələbənin davamlılığının təmin edilməsini hər bir ölkə vətəndaşından daha çox istəyir. Sadəcə zamanı yetişdirir.