Zakir Bayramlı,şair-pubilisist, AYB və AJBnin üzvü : - Fəzilət və rəzalət

YAZARLAR 20:53 / 07.05.2024 Baxış sayı: 1214

 

“Dünyada fateh olmaz, zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət.

Ədalətin müjdəsi bu dünyanı şah eylər,

Ədalətin işidir-ölkəni abad eylər”.

                             Nizami Gəncəvi

Tarixən cəmiyyət üçün kamil şəxsiyyətlərin yetişdirilməsi valideynlərin, tərbiyəçilərin və müəllimlərin əsas borcu hesab edilib. Çünki hərtərəfli mükəmməl tərbiyənin bünövrəsi ancaq ailədə,uşaq bağçası-körpələr evində və məktəbdə qoyulur. Əgər bu üç məkanda tərbiyə prosesinə ürəklə və  canıyananlıqla yanaşılarsa, yüksək təlim-tərbiyə üsullarının, güclü və ardıcıl nəzarət sayəsində təlim- tərbiyə sahəsində yüksək uğura nail olmaq olar. Bu mərhələdə tərbiyədə nöqsan və boşluqlar olmayıbsa onda gələcək mərhələlərdə də tərbiyə işində ciddi problemlər yarana bilməz. Ancaq sağlam cəmiyyətimizdəki bəzi başıpozuq nadanların mühitinə düşənlər, həmin mühitin  amansız və rəhmsiz fırtınalarına tab gətirməyib düz yollarından azaraq həmin mühitin qurbanına çevrilirlər.

 Tarixən  fəzilət sahibi olmaq istəyən çox insanlar, xüsusilə gənclər həmişə bü fürsətdən, imkan və şəraitdən yetərincə istifadə ediblər. Bu gün də   öz gözəl əxlaqı, yüksək mədəniyyəti , elm-mərifəti,   alicənablığı və şəxsi bacarığları  ilə dünyada milyonlarla insanlar, o cümlədən, gənc nəsl yaşadığı cəmiyyətdə hörmət-izzət sahibi kimi formalaşa bilirlər. Belə insanlar müdriklik və kamillik zirvəsini fəth edərək  fiziki və əqli qüvvəsi ilə  ailəsinə və yaşadığı cəmiyyətə layiqincə xidmət edirlər, Vətənin iqtisadi və sosial  inkişafına öz töhfələrini verərək layiqli vətəndaş kimi el-obanın gözündə ucalırlar. 

Fəzilət- insanın kamillik səviyyəsinədək formalaşması, onun istədiyi və ya arzuladığı ideala, məqsədə və məqama yetişməsi üçün yerinə yetirilməsi vacib olan daha üstün, əlverişli və ya faydalı cəhətlərdir. Fəzilətlərin başında özünüdərk, mənlik şüuru, özünütərbiyə, milli qürur və özünənəzarət,   Allaha və özünəinam, Vətənə və torpağa məhəbbət, ailəyə, xüsusən valideynlərə sevgi, qayğı və kömək,  qanunlarımıza və dövlətçiliyimizə, eləcə də  milli dəyərlərimizə, xüsusilə adət və ənənələrimizə hörmət, pis iş,hərəkət və əməllərdən, pis,zərərli, həyat üçün təhlükəli və qorxulu olan adət və vərdişlərə nifrət və s. kimi xüsusi həyatı əhəmiyyət kəsb edən cəhətlər durur. Fəzilət sahıbi kimi bəşər övladı sayılan insan öz ağıl-kamalı, elm-mərifəti,mərhəmət hissi, ləyaqəti, qəyəri, məziyyətləri,hünəri, isdedadı, biliyi, yüksək mənəviyyatı, alicənablığı və s. ilə dünyamızı bəzəyir. Yer üzü insanlarda müdrüklük, kamillik, gözəl əxlaq,insanlıq, vətənpərvərlik, comərdlik, sülhsevərlik, əminəmanlıq,xeyriyyəçilik, şərəf, ləyaqət, səxavət,mərifət, mənlik, mərhəmət  və başqa keyfiyyətlər olmasa yaşaya bilməz.

 Lüğətdə və ədəbiyyatımızda çoxlu sayda fəzilətlər mövcuddur.Fəzilətlərin hamısından məlumatlı olmaq, həyatın rahat, daha gözəl, keyfiyyətli və xoşbəxt olması üçün onlardan bütün insanların, o cümlədən gənclərin yeri gəldikcə  istifadə etməsi vacibdir. Həmin fəzilətlərə işgüzarlıq, müstəqillik, qətiyyətlilik, təşəbbüskarlıq, soyuqqanlılıq, təkidlilik, mütəşəkkillik, məqsədəyönlülük, aza qane olmaq, bağışlaya bilmək səriştəsinə və ya üzr istəmək qabiliyyətinə malik olmaq, əliaçıqlıq, xeyirxahlıq, hörmətcillik və b. xüsusiyyətləri göstərmək olar.  İnsanın tələb olunan həddən artıq fəzilətli olması heç də  yaxşı cəhət sayılmır. Məsələn, uşaq tərbiyəsində  valideynlərin övlada qarşı həddindən artıq sevgisi, mehriban və mülayım rəftarı  uşağın ərköyün böyüməsinə və gələcəkdə onun nizam-intizama riayət etməyən bir şəxs  kimi yetişməsinə səbəb olur.

Fəzilətli insan dedikdə  yüksək mənəvi dəyərlərə və mükəmməl əxlaqi keyfiyyətlərə malik olan  şəxslər nəzərdə tutulur. Müasir dünyada texniki tərəqqi, iqtisadiyyat , elm və təhsil sürətlə inkişaf etdikcə insanların həyatında vacib olan fəzilətlərin sayı daha da çoxalır. Hətta siyahı o qədər böyüyüb ki, onların hamısını  izah etmək heç bir kitaba sığmaz. Lakin həmin siyahıdan daha vacib olan bir neçə fəzilətin adını bu yazıda   oxucular üçün açıqlamaq lap yerinə düşər. Bunlara intizamlı,  cəsarətli və mərd,  səbir-qərarlı olmaq, zəhmətsevərlik, sədaqətlilik, etibarlılıq, nəzakətlilik, dözümlülük,böyüyə-kiçiyə, xüsusilə çətin anlarda və mürəkkəb situasiyalarda qocalara, qadınlara və uşaqlara kömək etmək, düz və doğrucul olmaq, yalan danışmamaq, pis vərdişə sahib olan insanlardan uzaq qaçmaq, danışıq və dil və ünsiyyət mədəniyyətinə malik olmaq, şəxsi, ailə, iş və dövlət sirrini qoruyub saxlamaq təcrübəsinə yiyələnmək  və digər fəzilətləri aid etmək olar.

Ulu öndərimiz  Heydər Əliyev vaxtıkən insanın mənəviyyatından söhbət açarkən belə demişdir: “Xalqı həmişə mənəviyyat birləşdirir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür”.   “İnsan mənəviyyatı üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır”. “Həyatda şərəflə şərəfsizliyi,şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir”.

İnsanın, xüsusilə gənclərin cəmiyyətdə  kamil şəxsiyyət kimi yetişməsi və fopmalaşması üçün onların fiziki və əqli cəhətdən sağlam olması  vacib şərtdir. Bu məqsədə çatmaq üçün onlar pis əməllərdən və vərdişlərdən uzaqda durmalı, mütəmadi  olaraq fiziki tərbiyə və idmanla məşğul olmalıdır.

Hər gün bədən tərbiyəsi və idmanla məşğul olmaq, bədənin möhkəmləndirilməsi, fiziki mədəniyyətin yüksəldilməsi və yüksək səviyyəli fəızilət sahibi-kamil şəxsiyyət kimi yetişməkdən ötrü  bunlar əsas şərtdir.

Lüğətlərdə və ədəbiyyatda rəzalət sözü alçaqlıq,əclaflıq, alçaq iş, yaramaz hərəkət, həyasızlıq, namussuzluq,eyib iş, biabırçılıq, rəzil gündə olmaq, vicdansızlıq, xəsislik, acgözlük, tamahkarlıq,zülmkar, nəfskar, pis vərdişlərə aludəçilik və s. kimi müxtəlif mənalarda işlədilir.

Dünya dahilləri, məşhur  mütəfəkkir, alim və şairlər fəzilət və rəzilətlə bağlı gözəl və dəyərli sözlər yazıb-yaratmışlar.  Həmin müdrik kəlamlardan bir neçəsini oxuculara təqdim edirik.

İslam peyğəmbəri Məhəmməd əleyhissalamın hədislərinin birində deyilir: “Ayaqlar baş olanda, başlar ayaq altında qalar”.   Azərbaycanın dahi şairi Nizami Gəncəvi  əsərlərində yaxşılıq, vicdan və insandan-insana olan fərq haqqında belə yazırdı:

“Quyuya salsan da yaxşılığı, bil,

Yenə qayıdacaq, o itən deyil”.

“Dəmiri aynatək parladan insan,

Pası silməlidir öz vicdanından”.

“İnsandan-insana fərq var:bir dəmirdən həm nal, həm qılınc düzəldərlər”. Bizim eradan əvvəl yaşamış qədim yunan filosofu Sokat insandakı bilik və xasiyyəti  müqayisə edərək belə yazırdı: “Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz”. Sokratın tələbəsi Platon isə cəsarət, xeyirxahlıq, paxıllıq, əxlaq və qəbahət haqqında öz fikirlərini belə söyləmişdir: “ Cəsarət təhlükə qarşısında  ağıl və zəkadan  istifadə edə bilməkdir”. “ Xeyirxah adamda paxıllıq hissi ola bilməz”. “ Əxlaq və qəbahət tərəzinin iki müxtəlif gözündə yerləşir. Bunlardan biri qalxarsa, digəri enər”.Qədim filosof Demokrit  yaramaz və təmiz adam, tərbiyənin insanın yaxşı və pis günündə rolu haqqında, utanmaq barədə çox dəyərli fikirlər söyləmişdir: “Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınar”. Tərbiyə xoşbəxt günlərində  insanın bəzəyi, bədbəxt günlərində sığınacaq yeridir”. “Başqalarından yox, daha çox özündən utanmağı öyrən”.