Xanım İsmayılqızı : - Nə isə tapacağam yəqin ki...

Ədəbiyyat 19:24 / 29.03.2024 Baxış sayı: 867

Nə isə tapacağam yəqin ki...

O, ağac da ola bilər...

Gövdəsinə söykənəcəyim,

Budaqlarından axacağım,

Köksümü köksünə ötürəcəyim,

Kölgəsində bitəcəyim,

Dərinə davam edə biləcəyim...

Nə isə tapacağam yəqin ki...

O, quş da ola bilər...

Səsimi səsinə atacağım,

Sinəsinə çatacağım,

Qanadlarında doğulacağım,

Uzaqlara uçuracağım,

İçini havam edə biləcəyim.

Nə isə tapacağam yəqin ki...

O, daş da ola bilər...

Üstünə qonacağım,

Göylərə atıb-tutacağım,

Yaxamdan asacağım,

Bağrıma basacağım,

Yumruqlarımı döyəcləyəcəyim,

Adına adımı verəcəyim,

Daş dövrümü da-vam edə biləcəyim.

Nə isə tapacağam yəqin ki...

O, adam da ola bilər...

Ruhunu göylərdən endirəcəyim,

Özümə döndərəcəyim,

Hisslərimi hisslərinə göndərəcəyim,

Gözlərində dincələcəyim,

Başımı çiyninə qoyub diriləcəyim,

Bir ömürlük yuvam edə biləcəyim.

Nə isə tapacağam yəqin ki...

O, Allahım da ola bilər...

Ola bilər Allahım da, O...

...Nə isə tapacağam yəqin ki...

Yəqin ki, tapacağam...

...Nə isə...