UŞAQLARLA DÜZGÜN DAVRANIŞ — GƏLƏCƏK NƏSİLLƏRİN TƏRBİYƏSİ VƏ CƏMİYYƏTİN MƏNƏVİ BORCU
Uşaqlar cəmiyyətin ən qiymətli sərvəti, ailələrin sevinc və ümid mənbəyidir. Hər bir uşaq özünəməxsus xarakterə, düşüncəyə, arzuya və duyğulara malik olan kiçik bir şəxsiyyətdir. Onların sağlam ruhda böyüməsi, düzgün tərbiyə alması və gələcəkdə cəmiyyətə faydalı insan kimi yetişməsi, ilk növbədə, böyüklərin uşaqlarla necə davranmasından asılıdır. Buna görə də uşaqlara münasibət yalnız valideynlərin deyil, bütün cəmiyyətin diqqət yetirməli olduğu mühüm məsələlərdən biridir.
Uşaqlarla düzgün davranmağın əsas şərtlərindən biri onlara sevgi, qayğı və hörmət göstərməkdir. Uşaq ailədə özünü sevilən, qorunan və dəyərli hiss etməlidir. Valideynlərin xoş münasibəti, səmimi söhbətləri və diqqəti uşağın mənəvi dünyasının formalaşmasında mühüm rol oynayır. Bəzən bir xoş söz, mehriban baxış və vaxtında göstərilən qayğı uşağın qəlbində böyük sevinc yaradır. Əksinə, kobud rəftar, təhqir, laqeydlik və davamlı danlaq onun psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
Uşaqların tərbiyəsində səbirli olmaq xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir uşaq səhv edə, nəyisə bilməyə və ya böyüklərin fikrini dərhal anlamaya bilər. Belə hallarda onları alçaltmaq, qorxutmaq və cəzalandırmaq əvəzinə, səhvlərini başa salmaq, düzgün yolu göstərmək lazımdır. Tərbiyənin məqsədi uşağı qorxu altında saxlamaq deyil, ona yaxşı ilə pisi, doğru ilə yanlışı ayırmağı öyrətməkdir. Uşaq etdiyi səhvin səbəbini anlamalı və həmin səhvi təkrar etməməyin yollarını öyrənməlidir.
Valideynlər uşaqların fikirlərinə də hörmətlə yanaşmalıdırlar. Bəzən böyüklər düşünürlər ki, uşaqlar hələ kiçikdirlər və onların fikirləri o qədər də əhəmiyyətli deyil. Halbuki uşağın da öz düşüncəsi, istəyi və hissləri vardır. Onu dinləmək, suallarına cavab vermək, fikirlərini sərbəst ifadə etməsinə şərait yaratmaq vacibdir. Uşağın fikrini dinləmək onun hər istəyini qəbul etmək demək deyil. Əsas məsələ ona şəxsiyyət kimi yanaşmaq və düşüncələrinə dəyər verməkdir.
Ailədə uşaqlara verilən tərbiyə yalnız sözlərlə məhdudlaşmamalıdır. Böyüklər öz davranışları ilə də nümunə göstərməlidirlər. Əgər valideyn övladından dürüstlük, ədəb-ərkan, böyüklərə hörmət və kiçiklərə qayğı tələb edirsə, ilk növbədə, özü bu xüsusiyyətlərə sahib olmalıdır. Çünki uşaqlar deyilənlərdən daha çox gördüklərini yadda saxlayırlar. Ailədə qarşılıqlı hörmət, mehribanlıq, düzgün münasibət və məsuliyyət hökm sürərsə, bu mühitdə böyüyən uşaqlar da həmin dəyərləri məmənimsəyəcəklər. Uşaqların təhsilinə və dünyagörüşünün inkişafına diqqət yetirmək də düzgün davranışın mühüm hissəsidir. Onların məktəb həyatı, dostları, maraqları və gündəlik qayğıları ilə maraqlanmaq lazımdır. Uşağı yalnız dərslərinə görə qiymətləndirmək düzgün deyil. Onun istedadını, bacarığını və fərdi xüsusiyyətlərini də nəzərə almaq vacibdir. Hər bir uşağın öyrənmə qabiliyyəti və inkişaf tempi fərqlidir. Buna görə də onları başqaları ilə müqayisə etmək, daim üstünlük və ya gerilik hissi yaratmaq əvəzinə, öz imkanlarını inkişaf etdirməyə həvəsləndirmək lazımdır.
Uşaqlarla davranışda ədalətlilik də mühüm şərtdir. Ailədə övladlar arasında fərq qoymaq, birini digərindən üstün tutmaq onların münasibətlərinə mənfi təsir edə bilər. Hər bir uşağa eyni diqqət və sevgi göstərilməli, onların ehtiyacları fərdi şəkildə nəzərə alınmalıdır. Uşaqlar böyüklərin ədalətli münasibətini gördükdə həm özlərinə, həm də ətrafdakılara qarşı daha sağlam münasibət formalaşdırırlar.
Müasir dövrdə uşaqların internetdən və texnologiyadan istifadəsinə də xüsusi diqqət yetirilməlidir. Onları yalnız qadağalarla məhdudlaşdırmaq əvəzinə, təhlükəsiz davranış qaydalarını izah etmək, faydalı məlumatlardan istifadə etməyə yönəltmək lazımdır. Valideynlər uşaqların virtual aləmdə qarşılaşa biləcəkləri təhlükələrdən xəbərdar olmalı, onlarla açıq söhbətlər aparmalıdırlar. Bununla yanaşı, kitab oxumaq, idmanla məşğul olmaq, təbiətdə vaxt keçirmək və ailə üzvləri ilə ünsiyyət qurmaq üçün də şərait yaradılmalıdır.
Uşaqlara qarşı zorakılığın, təhqirin, alçaldıcı sözlərin və fiziki cəzanın heç bir halda tərbiyə vasitəsi kimi qəbul edilməsi doğru deyil. Qorxu üzərində qurulan münasibət uşağın böyüklərə qarşı inamını zəiflədir. Əsl tərbiyə sevgi, anlayış, səbir, izah və qarşılıqlı hörmət əsasında qurulmalıdır. Uşaq bilməlidir ki, hansı səhvi etməsindən asılı olmayaraq, ailəsində onu dinləyən, başa düşən və doğru yola istiqamətləndirən insanlar vardır.
Bütün bunlarla yanaşı, uşaqlara kiçik yaşlarından məsuliyyət hissi aşılamaq lazımdır. Onlara yaşlarına uyğun ev işlərində iştirak etmək, öz əşyalarını qorumaq, verdikləri sözə əməl etmək və başqalarının hüquqlarına hörmət göstərmək öyrədilməlidir. Bu xüsusiyyətlər uşağın müstəqil, intizamlı və məsuliyyətli şəxsiyyət kimi yetişməsinə kömək edir.
Beləliklə, uşaqlarla düzgün davranmaq gələcəyin sağlam, savadlı, mərhəmətli və məsuliyyətli nəslini yetişdirmək deməkdir. Hər bir uşaq diqqətə, sevgiyə, anlayışa və hörmətə layiqdir. Onların qəlbinə sevgi toxumu səpmək, düşüncələrinə dəyər vermək, səhvlərini səbir və anlayışla düzəltmək böyüklərin ən mühüm vəzifələrindəndir. Unutmamalıyıq ki, bu gün uşaqlara göstərdiyimiz münasibət sabah onların cəmiyyətə göstərəcəyi münasibətin əsasını təşkil edir. Uşaqları necə böyüdürüksə, gələcəyimizi də elə formalaşdırırıq. Buna görə də hər bir valideyn, müəllim və cəmiyyət üzvü uşaqlara qarşı diqqətli, qayğıkeş və ədalətli olmalıdır. Çünki uşağa göstərilən hörmət, əslində, insanlığa və gələcəyə göstərilən hörmətdir.
Sevil Azadqızı