Dayandur Sevgin - Düşür

Ədəbiyyat 18:11 / 01.11.2026 Baxış sayı: 228

 

“Yadindan çıxmışam ana vətənin

Gərək barmağına sap bağlayaydım”

Məmməd İsmayıl

Vətənin acısın biz çəkirik, biz

Acı görməyənə sədəf, dürr düşür.

Bircə damlasını qıymayır, bizə,

Kimə Araz düşür, kimə Kür düşür.

 

Axı yarandığım günə nə deyim,

Qəm üstə köklənib yaralı neyim,

Uğursuz şeirdi mənim taleyim,

Ya duyğu çatışmır, ya fikir düşür.

 

Nə deyim bu qanlı fələyə Dədə,

Yol açır hər dürlü kələyə Dədə,

Dovşana qurulan tələyə Dədə,

Elə qururlar ki, gəlib şir düşür.

 

Sənə yalvarıram, haçandan sənə,

Bilirsən bağlıyam mən candan sənə,

Sitəmlər verdiyin insandan sənə,

Tanrım, özün söylə gör, zikir düşür?

 

Ədalət istədim, ədalət Haqdan,

Odu var eləyən hər şeyi yoxdan,

Narazı olsam da taledən, baxtdan,

Dilimdən Allaha çox şükür düşür.

 

Dilini bilsəmdə qayanın, daşın,

Heç vaxt ayrılmadı bəladan başım,

Kiminə ev gəlir, kiminə maşın,

Dayandur Sevginə təşəkkür düşür.