Şakir  Xanhüseyinli  - İSMİ-ƏZƏM

Ədəbiyyat 16:16 / 01.11.2026 Baxış sayı: 322

 

İsmi-əzəmmidi sənin şeirin,

sanki ismi-əzəm oxuyursan sən.

Nədənsə təklərin cəmi alınmır,

elə təki də cəm oxuyursan sən...

 

Elə söz var ki, hə, ismi-əzəmdi,

ismi-əzəmlikdən çıxarma sözü.

Sözsüzlük həyatda qəmdi, ələmdi,

qəmdən, ələmlikdən çıxarma sözü...

Kağız-qələmlikdi səninki elə,

ismi-əzəmliyin burdanmı gəlir...

Hər sözü bir hikmət çeşməsi bildin,

ruhani kimliyin burdanmı gəlir...

İsmi-əzəmlikdən endirmə sözü,

yolum hey bir ismi-əzəm dalınca.

Ey söz, and verirəm əzəmliyinə,

yolumu bağlama gəlsəm dalınca..