Əlirza HƏSRƏT -AĞDAM YOLU

Ədəbiyyat 17:32 / 01.11.2026 Baxış sayı: 316

 

(Görkəmli yazıçı,Ağdamlı balası Aqil Abbasa)

Söz sərvətdi,söz məbəddi,söz əlacdı,

Hər əsərin Qarabağda bir sirr açdı.

Ürəklərdən köz götürüb işıq saçdı,

İçimizə yağan "DOLU",Aqil Abbas.

 

Dünya yaman çalxalanır sağa,sola,

Boynu bükük bənövşə də yatmır kola.

Yenə ayaq izimizlə dola-dola,-

Bəzənəcək Ağdam yolu,Aqil Abbas.

 

Çat vermişdi ürəyimiz neçə qatda,

Bir hökmü var təbiətin hər saatda.

Şəhid qanı pöhrələnən bağ-bağatda,

Şükür,gördük gülü sulu,Aqil Abbas.

 

Yarı böhtan,yarı qınaq,yarı hədə,

Kimə deyək,yaxşıları az şərlə də?!

Həmvətənik sevinclə də,kədərlə də,

O da ulu,bu da ulu,Aqil Abbas.