Ömrün və insanlığın işıqlı izi

YAZARLAR 09:18 / 01.11.2026 Baxış sayı: 281

 Teyyub Rzayevin əziz xatirəsinə

​İnsan ömrü axıb gedən çaya bənzər, bəzən çağlayar, bəzən durular, amma izini mütləq torpaqda, daşda və elin yaddaşında qoyub gedər. Lənkəranın torpağı da, havası da mərd, zəhmətkeş və vətənpərvər övladları ilə nəfəs alır. Cənub diyarının elə ləyaqətli simaları var ki, onların cismi aramızdan uzaqlaşsa da, işıqlı xatirəsi, xalqına və dövlətinə bəxş etdiyi dəyərli töhfələr hər an yaddaşımızda yaşayır, illər keçsə də unudulmur. Həmin müqəddəs və unudulmaz adlardan biri də bütün ömrünü bu diyarın abadlaşmasına, torpağın bərəkətinə, aqrar elmin inkişafına və insanlara xidmətə bağlayan mərhum Teyyub Rzayevdir.

​Teyyub müəllim təkcə peşəkar aqronom, təcrübəli və təşkilatçı rəhbər deyildi, o, bütöv bir dövrün, ziyalılığın, ləyaqətin və insani kamilliyin canlı salnaməsi idi. 8 iyun 1947-ci ildə Lənkəran rayonunun Bala Şürük kəndində anadan olan Teyyub Rzayev həyatının ilk çağlarından torpağa bağlılığı ömür amalı seçmişdi. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirdikdən sonra o, doğma yurdunun hər qarışını çiçəkləndirmək, xalqının ruzi-bərəkətini artırmaq üçün şərəfli bir yola çıxdı. Babək adına Tərəvəzçilik-Çayçılıq Sovxozunda baş aqronom və direktor, Həzi Aslanov adına sovxozda direktor müavini və baş aqronom, illər boyu Gərmətük qəsəbəsində, daha sonra Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasında, Zona Təcrübə Stansiyasında və nəhayət, Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində rəhbər vəzifələrdə çalışarkən o, hər zaman öz yüksək mədəniyyəti, dərin savadı və dövlətinə, xalqına olan sarsılmaz sədaqəti ilə seçildi. O, elini, obasını canından artıq sevən, hər bir vətəndaşın qayğısını öz dərdi bilən əsl el ağsaqqalı, xalqının ləyaqətli övladı idi.

​Dahilər demək olar ki, "Böyük insanların həyatı bizə öyrədir ki, biz də uca ola bilərik və ölərkən arxamızda zamanın qumlarında izlər qoya bilərik." Teyyub müəllim də məhz belə bir silinməz iz qoyub getdi. Çox təəssüf ki, həyatın amansız qanunları qarşısında aciz qalırıq. Mən bu məqaləni xeyli vaxt əvvəl təxminən bir ay öncə yazmışdım. Fikrimdə vardı ki, Teyyub əmi haqqında bu səmimi, qubarlı və ehtiram dolu sözləri vaxtında paylaşıb ona öz mənəvi borcumu verim. Lakin araya başqa işlər girdi, məqaləni paylaşmağa vaxt tapa bilmədim. Şəkli də axtarırdım, zənn edirdim ki, bu foto qışda çəkilmiş şəkildir, elə qış aylarında, xatirələrin daha pıçıldaşdığı günlərdə paylaşaram. Amma daha bilmədim ki, bu gün onun vəfat günü olacaq, bu gün o, haqqın rəhmətinə qovuşacaq. Bu acı xəbər mənə çox pis təsir elədi, ürəyimi göynətdi. Kaş ki, bu sətirləri onun sağlığında, təbəssümlü gözlərinə baxaraq oxuyaydım. Vəfasız dünya, sənin bu sərt və amansız üzün yenə də elin ən sədaqətli, ən dəyərli insanlarını vaxtsız alıb aparır. Zəmanənin sınaqlarından üzüağ çıxan, elin-obanın dar günündə dayağı olan ağsaqqal sözün həqiqi mənasında mənəviyyat carçısı idi Teyyub əmi. Onun hər məsləhəti bir hikmət xəzinəsi, hər nəsihəti gələcək nəsillər üçün ülvi bir kompas idi. Elmi ilə elinə işıq saçan, təmiz adı ilə hər zaman uca tutulan bu insanın xatirəsi qəlblərdə əbədi yaşayacaq.

​Nə qədər acı olsa da, təsəllimiz onun şərəflə yaşadığı mənalı ömür yolu, dalğalanan kölgəsi və əziz xatirəsidir. Teyyub əminin itkisi təkcə bir ailənin deyil, bütövlükdə Lənkəran ictimaiyyətinin, aqrar elmin və təsərrüfat aləminin ağır itkisidir. Onun övladları atalarının adına layiq böyüyən, bu ləyaqətli soyadı hər zaman uca tutan, el-oba arasında tanınmış və hörmət qazanmış övladları onun ən böyük mənəvi sərvətidir. Fürsətdən istifadə edərək, bu ağır və əvəzolunmaz kədəri yaşayan bütün doğmalarına, ailə üzvlərinə, o cümlədən hörmətli Tofiq Rzayevə dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbir diləyirəm.

​Teyyub əmi, rahat, nur içində yat! Sənin nurlu xatirən, qoyduğun silinməz əməllər, Lənkəran torpağına və kənd təsərrüfatına bağışladığın zəhmət dolu illər heç vaxt unudulmayacaq. Ruhun şad, məkanın cənnət olsun!

​Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, dosent Leyla Qadir qızı Məcidova