EYLƏR - SÜLEYMAN ABDULLA.
Qınaq vaxtı deyil axşamın şəri,
Düşən kölgələrlə adam qal eylər.
Qanayar ovcunda mismar yerləri,
Bilməz ağrıları kim halal eylər.
Həyat eyləməkdi öz ömrünü qət,
Beş günü zəhərdir, bir saatı mət.
Elə haqsızdır ki, haqqı-ədalət,
Kimi mal yiyəsi, kimi mal eylər.
İndi işıq gəzir çoxları şamla,
Gərək qatmayasan naşını xamla.
Sanki məzələnir tanrı adamla,
Dil verər, söz verər, amma lal eylər.