Tofiq Əmrahov - Haray, ellərim, haray...

YAZARLAR 18:50 / 22.04.2026 Baxış sayı: 699

 

(Şəhid Həsən Bəhram oğlunun əziz xatirəsinə)

"Qartal görmək istəyirsənsə, zirvəyə bax..."

Qartalın iki nəhəng qanadı olduğu kimi, o uca dağların zirvəsində də qartal qanadlarına bənzəyən iki kənd var: biri Todan, o biri Sarısu! Çətin məqamlarda bir-birinə arxa duran iki qardaş kənd... Çox ağrılar görüb, çox əziyyətlər çəkib bu kəndlər, onların insanları...

İndi haqqında söz açacağım şəxs Sarısu kəndinin mərd oğlu, şəhid Həsən Bəhram oğludur...

Bayramov Həsən Bəhram oğlu 17 iyun 1992-ci ildə Göygöl rayonunun Sarısu kəndində dünyaya göz açıb. İlk məktəb illərini Sarısu kəndində və Gəncə şəhərində keçirib. 2011–2013-cü illərdə hərbi xidmətdə olub. Əmək fəaliyyətinə Gəncə şəhər İcra Hakimiyyətində başlayıb. Aqrar Universitetin tələbəsi adını qazanması xəbərini elə döyüş meydanında eşidib. 2020-ci ilin iyun ayında Gəncədəki "N" saylı hərbi hissədən cəbhəyə yollanıb.

Onun ilk döyüş yolu Murovdağdan başlayıb Füzuli, Cəbrayıl və Qubadlıdan keçib. Son döyüşü 5 noyabrda Laçın uğrunda olub. Şəhidimizin nəşi 26 noyabrda yaşadığı Gəncə şəhərinə gətirilib. 27 noyabrda ucu-bucağı görünməyən bir izdihamla Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Göygöl rayonunun Sarısu kəndi... zirvələrdə dayanan o kənd... Az qala əsr yarım düşmən əhatəsində qalıb bu kənd. Dəfələrlə düşmən hücumlarına, təzyiqlərinə məruz qalıb - Sarısu. Məğrur duruşlu Kəpəz dağı ilə üz-üzə dayanır bu kənd. Hər səhər Kəpəz dağı sanki Sarısululara sabahın xeyir deyir, onlar da Kəpəzi salamlayır. Kəpəzlə Sarısu arasında gözəlliyi və ucalığı ilə göz oxşayan "Göydağ" durur. Elə bil bu baxışlara, mehribanlığa paxıllıq edir...

Düşmən bu kəndi öz nankorluğu, qəddarlığı ilə xəritədən silmək istədi, lakin arzuları gözlərində qaldı. Çünki bu kəndin zirvələrdə boya-başa çatmış Həsən kimi igid oğulları vardı.

Kəndin çox yerində ucalan sərt qayalar hamıya tanış idi. Ancaq heç kəs o zirvələrə onun baxdığı kimi baxmırdı. Həsən uşaq olanda deyərdi: "Qartallar aşağıdan uçmaz... İnsan da elə yaşamalıdır, qartal kimi!" Adı sadə olsa da, taleyi heç kimə bənzəmirdi. Anası Ruhiyyə xanım xatırlayır ki, o, uşaq vaxtı həmişə hündür yerlərə çıxarmış: "Hey deyərdim, Həsən, qurban olum, düş aşağı, yıxılarsan. O isə baxmazdı; damın üstünə, ağacın başına dırmaşardı, qorxu nədir bilməzdi. Sanki yer onu saxlamırdı, göy isə ucalığa səsləyirdi..."

Səhərlər günəş dağın arxasından boylananda kəndin evlərinə işıq süzülür, Kəpəz sanki əlini uzadıb "Oyanın" deyir. Axşamlar isə pıçıldayır: "Yoruldunuz, indi yatıb dincəlin..."

Həsən bu səsləri eşidə-eşidə böyümüşdü. Dağlara baxanda susardı. Heç kim bilmirdi nə danışdıqlarını, amma hamı hiss edirdi: Həsənin ürəyi dağ kimi böyükdür.

Bir dəfə atasına demişdi: - Ata, Kəpəz uzaqdan böyük görünsə də, yaxınlaşdıqca daha uca görünür. Atası gülümsəmişdi: - Oğul, dağlar yaxınlaşdıqca böyüyər, insanlar da elə olmalıdır...

İllər keçdi… Vətən çağıranda Həsən yenə o dağlara baxdı, Kəpəz isə bu dəfə susmadı: "İndi sənin zirvən başlayır, Həsən!" O, bir an belə düşünmədən getdi. Dağ kimi sakit, qartal kimi qürurlu. Döyüşlərin səsi uzaqlardan gəlsə də, kəndə hər səhər görünən Kəpəz artıq tamam fərqli, qaşlı-qabaqlı idi.

Kənd adamları o dağlara baxanda artıq qayaları görmürdülər, bir igidin kölgəsi idi onlara görsənən...

Döyüşə getdiyi gün...arxaya baxdı. Atası Bəhram bir evin tək oğlunu, iki bacının tək qardaşını daban-dabana izləyib yola salırdı. Həsən atasına gülərək səsləndi:

Rəngim dağların qarı,

Yönüm Murova sarı.

Ata, ölsəm amandır,

Bük məni bayrağa sarı...

Atası olduğu yerə çökdü, göz yaşları gilələndi üzü aşağı torpağa sarı...

Döyüş günü elə bil göydən buz yağırdı. Elə uşaq vaxtı baxdığı Kəpəzin, Murovun zirvələri kimi Həsən özünü irəli atanda dostları qışqırırdı: "Həsən, ehtiyatlı ol!" O isə gülümsəyirdi: "Qartallar ehtiyatla uçmur, çünki onlar zirvədən baxır." Son güllə səsləri dağlarda əks-səda verəndə, sanki bir qartal qanad çaldı - bu dəfə göylərə doğru, bir daha geri dönməmək üçün...

Kəndə Həsənin şəhid xəbəri gələndə anası Ruhiyə xanım pəncərədən o tanış zirvələrə baxıb ürəyi qan ağlaya-ağlaya pıçıldadı: "Mən səni həmişə orda görürdüm, oğlum... Demək, doğrudan da yerin oraymış..."

İndi Ruhiyyə xanım hər axşam Kəpəzin kölgəsi kəndin üzərinə düşəndə göz yaşları ilə ağı deyir:

Lay-lay dedim ürəkdən,

Qırdın qolum biləkdən.

Sənin igid olduğun,

Bilinirdi bələkdən...

Lay-lay, balam, a lay-lay

İgid balam a lay-lay.

Həsənin atasına vəsiyyətini bütöv Azərbaycan Bayrağa bükmüşdü...

Yenə anası:

Arzu diləyim Həsən,

Vuran ürəyim Həsən.

Dərddən qara yanıbdı,

Vallah kürəyim Həsən!!!

Atası Bəhram bir küncə çəkilib pıçıldayır:

Oğul, sənsiz təkəm mən,

Dərd-qəmim ətək-ətək.

Oğlum, dərdin əlimdən,

Bu sinəm pətək-pətək...

Bacılarının fəryadı isə ərşə bülənd olur:

Ana, cırma yaxanı,

Qalmadı yerdə qanı.

Azərbaycan ağlayır,

O qəhrəman balanı...

Cənazə böyük bir izdihamla Şəhidlər Xiyabanına üz tutarkən, ana qəlbi yenə sızlayırdı:

Lal oldu dilim, oğul,

Qırılıb belim, oğul.

Könlüm səni istəyir,

De, necə gəlim, oğul?

Azərbaycan bir igidini, bir şəhid balasını müqəddəs torpağa əmanət etdi.

Başın sağ olsun, Vətən!

Başınız sağ olsun, Bəhram ata, Ruhiyyə ana!

Məkanın cənnət olsun, İgid Əsgər!

Şəkilin açıqlaması yoxdur.