Əlirza HƏSRƏT - ANA
(Elegiya)
Ürəyimdə qövr eləyən,
Ayrılıq,qübarsan,Ana.
Varlığım özünsən elə,
Məndə nə taparsan,Ana?
Nazın çəkib son yarpağın,
Bülbülüm tərk etdi bağın.
Qoynunda qara torpağın,-
Əcəb bəxtiyarsan Ana.
Sinəm başdan-başa dağdı,
Duman gecikdi,qar yağdı.
Ruhum sınan qol-budaqdı,
Sən tökülən barsan,Ana.
İçimdə dinən dərdimə,
Qibləsi dönən dərdimə,
Sən bu güllənən dərdimə,-
Həmişəbaharsan Ana.
Qapın da yox,çöldən döyəm,
Özümü yalandan öyəm.
...Nola,bir gün gələ...Deyəm-
Nə yaxşı ki varsan Ana!!!...