Ayaz Arabaçı - Cənabları.
Ayaqlar altında tapdaq olmuşuq,
Başa çıxartmışıq hər cənabları.
İtirib başını dəyirmançılar,
Tərsinə fırlanır pər cənabları.
Bizimki mahnıdan, şeirdən keçib,
Dağları-düzləri seyirdən keçib.
Xeyri Allah kəsib, xeyirdən keçib,
Əyləşib məqamda şər cənabları.
Asılıb qalmışıq bir tükə, bax-bax,
Hər addım həyəcan, təhlükə, bax-bax,
O bizik dözürük hər yükə, bax-bax,
Dözməz heç ən yekə nər cənabları.
Sayım bircə-bircə, bil də, üşən də...
Vətən, bir ləkəyik könül şüşəndə..
Səndən şirin-şirin söhbət düşəndə,
Basır üzümüzü tər cənabları.
Gözünə illərin dumanı çöksün,
Köksünü qarğalar-quzğunlar söksün,
Başına haranın külünü töksün,
İgid cənabları, ər cənabları.
Göy boyda günahıq, yer boyda eyib,
Bir div hamımızın haqqını yeyib,
Cütləyib atırıq bəxtə-bəxt deyib,
Düşür yek üzünə zər cənabları.