Təranə Məmməd - Unutmaq üçün

YAZARLAR 09:08 / 11.05.2026 Baxış sayı: 297

 

Bu gün toyumuzun onilliyidir.

 

Mən ən gözəl paltarımı geyinib onu gözləyirəm.

Masanın üstündə iki şam, qızılgül dəstəsi və iki şərab dolu gədəh var.

Biz bir-birimizi sevmirik. O mənim düşmənim, mən onun günahıyam.

Düz 15 il əvvəl o, mənim nişanlımı maşını ilə vurub.

Nişanlım öldükdən sonra onun atası mənim pozulmuş əsəblərimi uzun müddət müalicə edib. Sonra ...

Heç bilmədik necə yaxınlaşdıq bir- birimizə.Bu sevgi deyildi. Bu bizi bir gün ani ehtiras nəticəsində birləşdirən güclü nifrət idi.

Onun atasının təkidi ilə evləndik. Övladımız olmadı.Beləcə yaşadıq. O mənim düşmənim, mən onun günahı idim.

Budur, gəlir. O, adəti üzrə arxadan əlləri ilə gözlərimi bağlayıb boynuma gözəl bir boyunbağı taxır. Bu mənim hədiyyəmdir. Mən başımı onun çiyninə qoyuram. O, məni bərk-bərk qucaqlayır. Biz həzin musiqi altında rəqs edirik. Sonra qədəhlərdəki şərabı axıra kimi içirik. İçirik ki, 15 il əvvəl olmuş əhvalatı unudaq. Musiqinin səsi get -gedə zəifləyir....dizlərimiz bükülür və ikimiz də yerə yıxılırıq...

Ertəsi gün bizi otaqda ölü tapanların ağlına belə gəlməyəcəkdi ki, zəhəri qədəhlərə mən tökmüşdüm. Hər şeyi unutmaq üçün..