Tahir Rzayev, millət  vəkili - " 23 saatlıq antiterror əməliyyatı ilə hədəfə çatdıq"

HÜQUQ 21:48 / 07.11.2025 Baxış sayı: 2659

Sabah Azərbaycanda Zəfər Günü təntənəli şəkildə qeyd olunacaq.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistan ordusunun hücumlarına cavab olaraq başlayan müharibə 44 gün davam etdi. Müharibənin son nöqtəsi 8 noyabrda Şuşanın işğaldan azad olunması ilə qoyuldu.

Ermənilərin “alınmaz qala” adlandırdıqları Şuşa Ordumuzun unikal əməliyyatı nəticəsində işğaldan azad olundu. Bununla da “yenilməz” Ermənistan ordusu mifi də dardadağın oldu. Onlara vurulan zərbə o qədər ağır və sarsıdıcı oldu ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 10 noyabrda kapitulyasiya aktına imza atdı.

Yəni bu zəfərin əhəmiyyəti həddindən artıq dərəcədə böyükdür. 8 noyabr 2020-ci ildə əldə olunan zəfər 2023-cü ilin 19 sentyabrında 23 saatlıq antiterror əməliyyatı ilə hədəfinə çatdı. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Artıq bu zəfərimizin 5-ci ildönümünü qeyd etmənin qürurunu yaşayırıq...

Yenises.az  bildirir ki  ,  millət  vəkili Tahir Rzayev   açıqlamasında   qeyd  edib ki, 8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsidir:

 

“Həmin gündə Şuşa işğaldan azad olundu və 44 günlük müharibə uğurla nəticələndi. Erməni ordusu ağır məğlubiyyətə uğradıldı. Üstəlik, 8 noyabr bizim suverenliyimizin də yolunu açan gündür.

2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş uzaqgörən siyasətinin nəticəsidir”.

Millət vəkili vurğulayıb ki, bu, tarixi hadisədir:

“Azərbaycan tarixinə və insanların həyatında unudulmaz bir səhifə kimi daxil olub. Çünki Azərbaycan torpaqları tarix boyu azğın düşmənlər tərəfindən dəfələrlə işğal edilib, təcavüzə məruz qalıb. Çox sayda itkilərimiz olub, erməni faşistləri bunu bir neçə dəfə təkrarlayıblar. Ancaq xalqın Prezidentin ətrafında “Dəmir yumruq” kimi birləşməsi sayəsində unikal bir zəfər əldə etdik.

Bu qələbənin sevincini bu gün qürurla qeyd edirik. Torpaqlarımız azaddır, sərhədlərimiz möhkəmdir, Ordumuz isə güclüdür. Azərbaycan iqtisadiyyatı davamlı və dayanıqlıdır, vətəndaşların həyat şəraiti ildən-ilə yaxşılaşır. Bu gün işğaldan azad olunmuş ərazilərdə gedən möhtəşəm quruculuq-bərpa işləri yeni inkişafa doğru yollar açır”.

Tahir Rzayev qeyd edib ki, Azərbaycan xalqı bu günlərdə özünün ən əziz bayramlarını qeyd edir:

“Zəfər Günü bizim üçün tarixi bir amala, vüqara, qürur mənbəyinə çevrilib. Bu günün belə yüksək səviyyədə qeyd olunması bütün türk dünyası üçün böyük bir şərəfdir. Sabah Bakıda möhtəşəm hərbi parad keçiriləcək.

Bu parad qələbəmizin təntənəsi olacaq. Belə gündə sevinməmək və onu qürurla qeyd etməmək mümkün deyil. Bu zəfər Azərbaycan xalqının qüdrətini və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətini bütün dünyaya nümayiş etdirdi”.