Sona  Vəliyeva : - Ən ağır

Ədəbiyyat 08:30 / 23.05.2024 Baxış sayı: 1240

 

Azdan,

çoxdan fərqli,

daha tutumlu,

həcmli

“Ən”lə ölçülən

çox şeylər var dünyada...

Məsələn,

ən böyük cəza

öz günahımızdan qazanılan,

vicdanın bitməyən

ağrı cəzasıdır.

Taleyini,

günahların ağrı yükünü

özüylə sürüyən

adamın cəza müddətini

tövbələrdən,

Tanrıdan başqa

heç kim dəyişə bilməz...

Bir qadının ən böyük yalanı

özünə: “Hamıdan güclüyəm”, – deməsidir...

Hər gecə misqal-misqal əriməsini

tək Allah bilər...

Sabahlar dağılmış

hissələrindən toplanar,

bütöv görünər...

Yalançı qəhqəhələrdən

ətrafına bəxtəvərlik səpər.

Sonra yalnız anlarında

öz yalanına özü hönkürər...

Ağrıların da ölçüsü

“ən”lə böyük görünür.

Məsələn,

ƏN böyük ağrı

doğmaların,

dostların itkisindən

açılan yaranın ağrısıdır...

Unutmağın dərmanı

olmadığı üçün sağalmır,

ölüncə ağrıyır...

Ən böyük qorxu,

çörək verdiklərinin,

dost dediklərinin,

doğma bildiklərinin

xəyanət qorxusudur.

Çox qorxduğun üçün

bir gün başına gəlir,

ömür-günü zəhərləyir...

Hər şey əzab gətirir...

bu naqisliklər içində

yaxşı ki, ən gözəl,

ən keçilməz olan eşq var...

Anadan, atadan başlayıb

Allaha ucalan

sonsuza qədər

işığa,

nura

yol açan,

yasəmən,

qızılgül ətri saçan,

hər şeydən ən ucada duran,

bizi də ora çağıran

ən böyük,

ən böyük İlahi eşq var!