Əbülfət Mədətoğlu : - Anamın əbədi evi...

Ədəbiyyat 09:06 / 10.06.2024 Baxış sayı: 3736

 

Nə zəng gözləyirəm, nə də ismarıc

Artıq son ümid də döndü ilğıma...

Bu da məzar yeri - on-onbeş qarış -

Gəlməzdi bu mənim heç vaxt ağlıma!..

 

Diz çöküb son dəfə öpdüm üzündən,

Göz yaşım oyada bilmədi onu...

Dünyanın ən acı selin gözümdən -

Tərpənib, ovcuyla silmədi onu...

 

Özümü sıxmağım uğursuz oldu,

Hönkürtü içimdə üsyan elədi...

Bu necə qədərdi, bu necə yoldu -

Heç kim "Yolun açıq olsun!" - demədi

 

Bəlkə fikirlərim yersiz, mənasız

Ya da kimlərəsə gülünc görünür...

Mənsə barışmıram, çünki anamın -

Əbədi deyilən evi hörülür...