Faiq Balabəyli : - Diləyim...
Xəmirim qəmdən yoğrulub
günüm sac üstə qovrulub
Xəlbirim göydə sovrulub
yerdə ələnib ələyim.
Əl elədi uşaqlığım
əlləri qaldı havada
Hicran adlı bu yuvada
çin olmaz arzum, diləyim.
Düşməməkçün qəm toruna
gəzdim qoruna-qoruna
Məni də apar göruna
atam, səndən nə diləyim.
Fələk, yaman doyuzdurdun
qəmlə sevinc aclarını.
Anam, yolma saçlarını
qırılar, qırılan kürəyim…
1992