Sevil Azadqızı - SENTYABR GƏLİB

Ədəbiyyat 09:30 / 02.09.2026 Baxış sayı: 2071

 

Zamanın ovcundan sivişib düşür yay,

təqvimlər yenə sapsarı bir sükuta hamilədir.

Sentyabr gəlib...

ayaq səslərində yağış qoxusu,

qollarında yarımçıq qalmış fəsillərin xatirəsi.

Bu gəliş sadəcə təqvimin dəyişməsi deyil,

ruhların soyunmasıdır əslində.

Ağaclar yarpaqlarını tökür,

insanlar ümidlərini...

Külək küçələrdə səs-küy salır,

elə bil köhnə bir məktubu bərkdən oxuyur bəşəriyyətə.

Baxırsan, göy üzü bir az daha uzaq,

dəniz bir az daha soyuq və tənha.

Dodaqlarında payızın ilk dadı:

acı bir gilas dadı, ya da ayrılıq havası.

Sentyabr bir dərviş kimi gəlir,

fəlsəfəsini pıçıldayır pəncərələrə:

"Hər gözəllik ölməlidir ki, yenidən doğulsun."

Biz bu fəslin harasındayıq, sevgilim?

Solan yarpaqların tərəfində,

yoxsa torpağa sığınan köklərin?

Əllərin hələ də yay istisini qoruyur,

amma gözlərində sentyabrın dumanı var artıq.

Gəl, bu payız nəfəsli sükutda itək,

şəhərin səsini küləyin nəfəsiylə örtək.

Zaman qocalır, sentyabr gəncləşir hər il,

biz isə iki fəslin arasında qalan köçəri quşlar kimiyik...

Gəlişin mübarək, ey sarı rəngli tənhalıq,

bizə itirməyin də gözəl olduğunu öyrət...

 

01.09.2026