Şakir Xanhüseyndən BEŞ ŞEİR

1.OCAQLI şeir
Ocaq sinələrdə buzdumu söz, səs,
haqsızlıq eləyən adam haqdımı...
Duman, daha çəkil, külək, daha kəs,
yerin əzabına göy ortaqdımı...
Budaqda yuva var, o ki ocaqdı,
balalar yatışıb, ana oyaqdı;
Arzusu bircə dən boyu uçmaqdı,
gecəsi qaradı, günü ağdımı...
Daha ev soyudur bu ocaq, bilsən,
sönərsə, ürəyim yanacaq, bilsən...
SƏN də hər olanı olacaq bilsən...
girdin od içinə, çox soyuqdumu...
Heç eynin açılıb üzün güldü ki,
solmağa başladı, üzün güldü ki...
Bir əl, çırağını, bax, söndürdü ki,
ya onun bəxtinə işıq doğdumu?..
2.OLUR
Kor quyu deyirik, burda bir iş var,
Ya bütün dərinlər bəlkə kor olur?
Yox ucu-bucağı böyüklüyünün,
Gəl, bir adam üçün dünya dar olur...
Tutub ayağımı çəkmə geriyə,
Birlikdə son qoyaq bu geriliyə...
Özünü vurursa kim ölülüyə,
Diritək yaşamaq ona ar olur...
Çıxdıq genişliyə- genliyə darlıq,
Bu yazmaq işi də bir kargüzarlıq...
Nədən qaynaqlanır bu ahu-zarlıq,
Sevilmir, istənmir adam xar olur...
Tərini çox sildin o ağ alnının,
Nə əməl paklanır, nə ad arınır...
Soyuqluq özü də od,
od alırıq;
Hərə bir tərəfdə yanıb kül olur...
3."DAŞ ADAM"
O "daş adam" çox ürəyi yuxadı,
Duyğuları bulaq-bulaq çağlayan!
Baxsan, duman çiynindəki çuxadı,
Səhər mehi saçlarını darayan!
Nə sözün var buyur ona söylə, de,
Ötənlərdən söhbət açsın eləcə.
Elə qalıb sanki fikri göylərdə,
Bilməz gündüz, onun üçün nə gecə...
Ancaq yola salmış neçə qərinə,
Xatirələr, sinəsində bir aləm...
Adam dedim bəlkə dəydim xətrinə,
Qoy əfv etsin, yoxsa üzər məni qəm...
4.BİR AĞ YALAN
İstədim ğözümü çəkim çəməndən,
gördüm bir çiçəkdə şeh sırğalandı...
Dizə çıxan yonca yastı talada
mehdən yırğalandı, nə yırğalandı!
Bir durna köçündə itən xəyalım,
çox-çox uzaqlara gedən xəyalım,
Buğda sünbülündə dən-dən xəyalım
sacın üstündəcə qovurğalandı!
Çoxdan boş qalan bir yuvaya baxdım,
gah məğşuş, gah sakit havaya baxdım;
Başımı döndərib haraya baxdım
bir haray içimdə qasırğalandı!
Kim oda qalandı, kim suda getdi,
getdi üzümüzdən, eh, su da getdi...
Hey deyən: yaşadım asudə,
getdi;
ən doğru sözü də bir ağ yalandı...
5.YIXILAN YIXILIR...
Ayağın sürüşüb aldınsa yara,
gərək eləyəsən dərmanı özün...
Bir göz seyri olar, bil, baxanlara,
əgər ki, ox dəyib oxlansa köksün...
Qalx da, biganəlik zəncirini qır,
qoyma yaxınına gələ uzaqlıq...
Elə bir məclisdə, görüşdə qalır
dillərin ucundan tökülən sağlıq...
Yıxılan yıxılır, eh, kimə nə var,
səni od yandıra, sel-su apara;
Hər kəs qapısını örtüb bağlayar,
yerinə tez girər yuxu apara...