Şahverən Cavad - Ruhum darıxmağın gölgəsi kimi

Ədəbiyyat 16:03 / 16.11.2026 Baxış sayı: 791

 

 

 

Qürub etsə Yerin anası Günəş-

Sübhədək Yer geyər qara-yaşayar.

Boş qalan yuvadır,

anasız ömrüm-

Leylək günlərim də dərd-qəm daşıyar.

 

Göylərə sığınan buluda bənzər-

Gözlərim leysandan çətin kiriyə.

Çoxları kölgəmdə dincəldi- getdi -

Kölgədə yatmayan ağac kimiyəm.

 

Ruhum darıxmağın kölgəsi kimi.

Dövran da namərddir-yaxşıya qənim.

Başında qar yükü tutan dağam mən-

Şöhrət zirvənindir, ağrılar mənim .

 

Dünya da yadlaşır-artdıqca yaşım,

Günlərim yad kimi keçmir ömürdən.

Əqrəbsiz saatdır ömrün payızı,

Ömür yox,xatirə yaşayıram mən .

16.11. 2026