Məmməd  Qədir - AXI

Ədəbiyyat 11:11 / 16.11.2026 Baxış sayı: 721

Axı

Üzünə gülməz - dedilər,

Bir də bəxtin, güldü axı.

Sevgim bir çiçəkdi, götür,

Saralmasın, güldü axı.

 

Bağçasında bitək eşqin,

Yaz gətirən çiçək eşqin,

Toz basan güzgü tək eşqin,

Ürəyimi sildi axı.

 

Eşqin yoxuma var çəkir,

Qış ömrümə bahar çəkir,

Səni dünyaya car çəkir,

Sözə baxmır, dildi axı.

 

Hardan bildin ölməyimi,

Sən diriltdin taleyimi,

Götür geyin ürəyimi,

Qəlbin qızsın, çöldü axı.

 

Sənsənmiş azarım, dərdim,

Sabahıma ümid sərdim,

Mən özümdən gizlədirdim,

Bu el-aləm bildi axı...

.. Allahından qorx, dedilər,

Bir özünə bax, dedilər,

Eşqdən ölən yox, - dedilər,-

Məmməd QƏDİR öldü axı...