Əlizadə Nuri - Yorğunluq
Allah göydə deyilsə,
O göy kimin göyüdü?
Harda yetim dərd qalıb
Verin məni böyüdüm...
Gülə güllə atdılar,
Dik tutmuşdu başını.
Yağan yağışdı,yoxsa
Göy üzündə vurulmuş
Quşların göz yaşıdı?
Hər yanımı qan tutub-
Mən də belə adayam.
Bəlkə o bayquş desin-
Hansı xarabadayam?
Yuxumda yatan çiçək,
Öpüb oyatdım səni.
...Ölüm, məni bağışla
Bir az yubatdım səni.
Özümlə oynayıram,
Bəs hanı tay-tuşlarım?
Bu gün süfrə açmışam:-
Çağırın ac quşları...
Qolum özgə toyunda,
Ürəyim dost yasında.
Mən öləndə basdırın
Bir leylək yuvasında.
...Ölü balıqlar düşür,
Atdığım hər qırmağa.
Çox soyuqdu... gedirəm
Allaha sarılmağa.