Sabir Yusifoğlu : -Hamının yerinə sev indi məni.

Ədəbiyyat 08:01 / 31.01.2025 Baxış sayı: 2191

Sən məndən ayırıb atdın hamını,

Sən məni hamının əlindən aldın.

Qaragöz qızların qara gözündən,

Şirindil qızların dilindən aldın.

 

Daha gözəl qızlar yuxularında

Çirkin oğlanları göycək görərlər.

Kəpənək görərlər, çiçək görərlər

Nə desən görərlər, məni görməzlər.

 

Bənövşə qızların, çiçək qızların,

Ətrini udmağa nəfəsim çatmaz.

Başımı aşağı salıb keçərəm,

Çevrilib baxmağa həvəsim çatmaz.

 

Kimdəsə, nəyisə sevdiyim olub,

Bəlkə də kim isə sevirdi məni.

Hamının əlindən qoparıb aldın,

Hamının yerinə sev indi məni.