Qafar  Cəfərli : - ƏN BÖYÜK ARZUDAN DAHA BÖYÜK  (hekayə)

YAZARLAR 07:12 / 16.04.2024 Baxış sayı: 844

 

Musa müəllim gündən qorunmaq üçün indi həm asta yerişlə, həm də ağacların yola saldığı kölgə ilə getməyə çalışırdı. Günün bu cür qızmar istisi onun səhhətinə çox pis təsir edirdi. Bunu özü də yaxşı bilirdi, amma çarəsi yox idi. Səhhəti ilə bağlı xahiş edib məktəbin səhər növbəsində cəmi bir neçə saat dərs götürmüşdü. Günortaya yaxın dərslərini qurtarıb, evə qayıdırdı və bu vaxt da günün isti çağına düşürdü. Musa müəllim əlli ilə yaxın idi ki, vaxtilə özünün də təhsil aldığı məktəbdə müəllim işləyirdi. Riyaziyyatdan dərs deyirdi. Zahirən çox zəhmli görünsə də çox tələbkar idi, vəssəlam. Əslində daxilən çox sadə, həlim, bir az da kövrək adam idi. Əlbəttə, şagirdlər onun yalnız zəhmli və tələbkar sifətləri ilə tanış idilər. Musa müəllimdən “əla ” qiymət almaq müşkül məsələ idi. Onun yüksək qiymət verməkdə xəsis olduğunu hər kəs, hətta özü belə yaxşı bilirdi və bunu şagirdlərin xeyrinə etdiyinə də daxilən əmin idi. Amma bu qiyməti alanlar da vardı və onlar riyaziyyat fənninin bilicisi olduqlarına əmin idilər.

Musa müəllim indi gün istisində addımladıqca istidən daha çox bu ildən dərs deməyə başladığı sinifdə çox bəyəndiyi şagirdi Fatehlə aralarında olan söhbətin təsiri altında idi. Uzun illərin təcrübəsindən və bələd olduğu şagird psixologiyasından bilirdi ki, şagirdlər adətən hər cür yolla müəllimdən yüksək qiymət almağa çalışırlar. Fatehlə bağlı məsələ isə təcrübəsində ilk dəfə idi. Əvvəl onun hərəkətini təvazökarlıq kimi qəbul elədi, sonra bunu özündən razılıqla, daha sonra isə xarakterindəki tərslik və inadkarlıqla bağladı.

Bu gün bir neçə dəqiqə davam edən söhbətdə Fatehin yalvararaq xahiş etməsi onu düşün-məyə vadar edirdi. ”Niyə bu qədər inad etsin? Niyə halal haqqını almaqdan ciddi-cəhdlə imtina eləsin? Bu inadının səbəbini niyə açmaq istəməsin?” Cavabsız suallar Musa müəllimi daxilən narahat etməyə başlamışdı. Artıq Fatehin bu hərəkətinin əhəmiyyətli bir söhbət və ya hadisə ilə bağlı olduğuna əmin olmağa başlayırdı. Qərarı isə qəti idi: uşağın valideynləri ilə görüşüb söhbət etməli idi.”

Əslində Musa müəllim Fatehin ailəsini yaxşı tanıyırdı. Babası Səfərlə gənclik dostu olmuşdular. Səfər Milli Ordunun ilk zabitlərindən olmaqla birinci Qarabağ müharibəsində də iştirak etmişdi. Ancaq amansız xəstəlik ucbatından dünyasını tez dəyişmişdi. Oğlu İlham isə onun şagirdi olmuşdu. Xatirində zəif şagird kimi qalmışdı. Yadındadır ki, İlham ondan ilk dəfə “dörd” qiymət alanda uşaq sevinci ilə ağlamışdı. İlham təhsil almadı,elə fəhləliklə başını qatdı. Sonralar usta kimi həyət-bacalarda işləməklə ailəsini dolandırırdı. Fateh isə tam fərqli bir uşaq idi. Ondakı savad, düşüncə, təhlil etmək qabiliyyəti diqqəti cəlb edirdi. Xaraktercə də yaşından böyük təsürat doğururdu. Bütün hallarda Fatehin hərəkətlərinə aydınlıq gətirmək istəyi Musa müəllimin düşün¬cəsinə tam hakim kəsilmişdi.Bu istidə onlara hökmən baş çəkməli, bir riyaziyatçı olaraq bu məsələnin cavabını tapmalı idi!

...Musa müəllimin səsinə qapıya Fatehin anası Həlimə çıxdı. Həlimə göz¬lərinə inanmayıbmış kimi çaşıb qaldı. Bir təhər özünü ələ alıb “dağdan ağır kişi”ni, vaxtilə ona da dərs demiş Musa müəllimi həyətdə qarşıladı. Salam-kalamdan sonra sevimli müəllimini evə dəvət elədi. Musa müəllim salamlaşıb həyətdəki talvara tərəf yeridi.

- Ev isti olar, qızım. Elə həyətdə oturaq, üç-beş dəqiqəlik söhbətim var, - dedi.

Həlimə qaçaraq evə girdi, sonra əlində bir neçə nimdar ilə eşiyə çıxıb, talvara sarı yüyürdü. Musa müəllim oturmağa macal tapmamış o, nimdarın birini stulun üstünə qoydu. Musa müəllim yaşına xas bir ağırlıqla stula oturdu. Həlimə nə edəcəyini bilmir, çaşqınlıq içində Musa müəllimə baxırdı. Birdən ayılmış kimi dilləndi:

- Musa müəllim, bir-iki dəqiqəyə Sizə çay gətirirəm.

Belə deyib getmək istəyəndə Musa müəllim əlinin işarəsi ilə onu yanındakı stulda oturmağa dəvət elədi.

- Qızım, heç nə lazım deyil. Beş-altı kəlməlik söhbətim var. –Susdu və tez də,- Bəs İlham evdə yoxdur?- deyə soruşdu.

- Xeyr, işdədir Musa müəllim.

- Eybi yox, bu söhbəti elə səninlə də edə bilərəm. İlham gələndə dediyimi ona çatdırarsan.

Həlimə sual dolu baxışlarla Musa müəllimə baxırdı. Musa müəllim həyətdəki meyvə ağaclarını, çəpər boyu göz oxşayan rənbərəng gülləri xoş bir təbəssümlə nəzərdən keşirəndən sonra diqqətini Həliməyə yönəltdi və sözə başladı.

- Həlimə, qızım, indiyə kimi təcrübəmdə rast gəlmədiyim bir məsələ ilə bağlı gəlmişəm. Demək, oğlunuz Fatehə artıq üç aya yaxındır ki, dərs deyirəm. Bu uşaqdakı riyaziyyata olan həvəsi, istedadı görmək məni valah edir. İndiyə kimi bəlkə də tək-tük şagirdlərimdəndir ki, mən ona “əla” qiyməti həvəslə yazıram. Amma hər dəfə Fateh məni son dərəcə təccübləndirir. Səbəbini desəm sən də inanmazsan.

Həlimənin yanaqları qızardı. Gözlərinə gələn parıltı anındaca nəmləndi. Utancaq baxışlarla başını aşağı dikdi. Onun bu halını Musa müəllim tutsa da bunu Həlimənin onun dedklərinə bir ana sevgisi ilə yanaşmasında gördü. Musa müəllim sözünə davam etdi:

- Bilirsiniz, Fateh hər dəfə məndən xahiş edir ki, ona “əla” yox, “yaxşı” qiymət yazım.

Həlimə artıq əməlli-başlı doluxsunmuşdu. Bir neçə saniyə sonra yanaqlarına süzülən göz yaşlarını əlinin arxası ilə silməyə başladı. Anasının bu hərəkəti Fatehin hərəkətindən daha qəribə görünürdü. Musa müəllim mat-mətəl qaldı. Sonra daha nə deyəcəyini, nə edəcəyini sanki unutdu. Yaxşı ki, Həlimə özünü ələ aldı və qüssəli bir səslə Musa müəllimin narahatçılığına son qoydu.

- Musa müəllim, səbəbini mən bilirəm.- deyə o sinə dolusu ah çəkdi. Sanki boğazını qubar tutdu. Udqunub, sözünə davam etdi. - Hər dəfə dərsdən sonra Fateh sizinlə olan söhbəti mənə danışırdı.

Musa müəllim səbrini basa bilmədi:

- Bəs səbəbi nə imiş?

Həlimə artıq toxtamışdı. O, üzündəki kədər hiss olunsa da, bunu sezdirməyəcək bir səslə :

- Atası Fatehə deyib ki, əgər sən Musa müəllimdən “əla” qiymət ala bilsən mən sənə çoxdan arzusunda olduğun velosipedi alaram. Velosied Fatehin böyük arzusudur. Fateh artıq sizdən bir neçə dəfə “əla” qiymət alıb, amma o, atasına “yaxşı” qiymət aldığını deyib. O bilir ki, atasının o velosipedi almağa pulu yoxdur. Amma velosipedi çox istəsə də atasının əzab çəkməsini heç istəmir.

- Necə yəni...–Musa müəllim heyrətləndi.

- Hə, hə, müəllim... O, atasını çox sevir...çox!

Musa müəllim qalxdı, oturdu, sonra bir də qalxdı və nə deyəcəyini bilmədən çiyinlərini dart¬dı. Daha sonra isə onun gözlərinin kənarındakı qırışları yığıldı, üzündəki təəccüb ifadəsi xoş bir tə¬bəs¬sümlə əvəz olmağa başladı. Hətta qürur hissi ilə köks ötürdü.

- Amma mən hər dəfə jurnala Fatehin halal qiymətini yazmışam,- dedi. Həlimə xanıma ehtiram əlaməti olaraq başını tərpətdi və başqa bir söz demədən həyət qapısına tərəf getdi.

Günün istisi indi Musa müəllimə heç təsir eləmirdi.

Lənkəran. 14 aprel 2024-cü il.