İSMAYIL İMANZADƏ - "KİŞİ"

Ədəbiyyat 19:19 / 10.06.2026 Baxış sayı: 213

 

 

Hər yetəndən umub-küsən,

Qazanc dalınca tələsən.

Qəfildən yel kimi əsən,

Tozanaq qoparan “kişi”.

 

Qənimidir bir dilsizin,

Kim görüb ki əsl üzün?

Zəmanənin tutub nəbzin,

Çəkilib-qabaran “kişi”.

 

Özünü hey öyə-öyə,

Sığışmayır yerə-göyə...

Hara getsə “xərcləməyə”,

Yalan söz aparan “kişi”.

 

Elə bilir əvəzi yox,

Bir xoş əməldə izi yox...

Umsuq olanda üzü yox,

Peysəri qızaran “kişi”.

 

25.05.2023