"İran Azərbaycanın ərazi bütövlüyünü tanısa da, bir çox hallarda Azərbaycana qarşı aqressiv mövqe tutdu."- Tahir Rzayev, millət  vəkili

SİYASƏT 19:33 / 23.05.2024 Baxış sayı: 1353

“İranla Azərbaycanı tarixi köklər, milli dəyərlər, dini münasibətlər birləşdirir və bunlar qədim tarixə malikdir. Digər tərəfdən artıq İran İslam Respublikasında 35 milyondan çox bizim vətəndaşımız yaşayır. Əlbəttə ki, həmin insanların həyat səviyyəsinin yaxşı təmin edilməsi, hüquqlarının qorunması, rifahlarının yaxşılaşdırılması daim dövlətimizi düşündürüb. Buna görə də İranla münasibətlərin yaxşılaşdırılmasına Azərbaycan Prezidenti İlham Əliyev böyük önəm verib."

 Bu sözləri mətbuata  açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Deputat bildirib ki, bu gün də bu istiqamətdə çox mühüm addımlar atılır: “Lakin təəssüflər olsun ki, istər Azərbaycan torpaqları işğal altında olduğu dövrdə, istərsə də müharibə zamanı İran İslam Respublikası Azərbaycana lazımi dəstəyi vermədi. İran Azərbaycanın ərazi bütövlüyünü tanısa da, bir çox hallarda Azərbaycana qarşı aqressiv mövqe tutdu. Bu da sözsüz ki, iki ölkə arasında münasibətlərin korlanmasına gətirib çıxartdı.Lakin son dövrlərdə reallıqları dərk edən, Azərbaycanın mübarizəsinin haqlı və ədalətli olduğunu anlayan İran rəsmiləri münasibətlərin yaxşılaşdırılması üçün müəyyən addımlar atırlar. İran İslam Respublikasının prezidenti İbrahim Rəisi ilə Azərbaycan Prezidentinin yaxın zamanda baş tutan görüşü də bunun bir ifadəsi idi. Əlbəttə ki, görüş xoşməramlı görüş idi və hər iki xalqın, dövlətin milli maraqlarını əks etdirirdi. Ölkə başçısı dəfələrlə öz çıxışlarında bildirib ki, İran bizim qonşumuzdur və İranla münasibtələrin yaxşılaşdırılmasının tərəfdarıyıq. Bu münasibətlər nə qədər yüksək səviyyədə olarsa, dövlətlərin mənafeyi də bir o qədər qorunar, birgə əməkdaşlıq ölkələrimiz üçün faydalı ola bilər.İki dövlət arasında münasibətlərin yaxşılaşdırılması, dövlət rəhbərlərinin görüşü ümid verir ki, qarşılıqlı əməkdaşlıq durmadan genişləndiriləcək və İran əvvəlki məqsədlərindən əl çəkəcək, Azərbaycana qarşı yaxşı münasibətdə olacaq. Çünki İranda səfirliyimizə edilən hücum, səfirlik əməkdaşlırının qətlə yetirilməsi bu əməkdaşlığa çox ciddi ziyan vurmuşdu. İndi isə bunun aradan qaldırılması üçün əməli tədbirlərin keçirilməsinə başlanılıb. İran bizim qonşumuzdur və sözsüz ki, bu münasibətlər davam etdirilməlidir. İranda yaşayan azərbaycanlıların vəziyyətinin gündən-günə yaxşılaşdırılması üçün tutarlı tədbirlər həyata keçirilməlidir. Bunu ölkəmizin rəhbəri dəfələrlə qeyd edib, məsələyə aydın münasibət göstərilib. Bu münasibətlər zəminində görülən işlərin təsir dairəsi də genişləndirilib. İranla münasibətlərin yaxşılaşdırılmasına Azərbaycan xalqı öz dəstəyini verir. Əməkdaşlığın genişləndirilməsi gələcək inkişaf, regionda təhlükəsizliyin təmin edilməsi, xalqların firəvanlığı və xoşbəxtliyi üçün çox vacibdir”.