İbrahim İlyaslı. "NECƏSƏN"

Ədəbiyyat 09:49 / 02.11.2024 Baxış sayı: 14808

 

Mənim səndən uzaqlarda

Yamandı halım, necəsən?

Özgəsinə qismət olan

Cahı-cəlalım, necəsən?

 

Yalana döndü gerçəyim,

Ay gözəlim, ay göyçəyim.

Çəmənim, çölüm, çiçəyim,

Pətəyim, balım, necəsən?

 

Daşam yolun üstə bitən,

Nə sirdi anlamaz yetən.

Gözü, könlü dil-dil ötən,

Dilləri lalım, necəsən?

 

Zər-zibam, ləlim, gövhərim,

Yaqut-yəmən, simu-zərim,

Barmaqları bəxtəvərim,

Başı bəlalım, necəsən?

 

Üzün dönməz mənə sarı,

Yarı öz ömründən, yarı.

İbrahimin sitəmkarı,

Necəsən, zalım, necəsən?