Əşrəf  Veysəllidən  İKİ ŞEİR

Ədəbiyyat 10:12 / 26.04.2026 Baxış sayı: 282

GETDİ

Ürəklər kül oldu öz arzusnda,

Evin təki getdi, qoşası getdi.

Arana köçənlər yandı susuzdan.

“Qırx bulaq”, “Ballıca”, “qoşa su” getdi.

 

Ayım bəd gətirdi, ilim nəs oldu,

Bu dərd ömrüm boyu mənə bəs oldu.

Bu yandan “Ərgünəş “ görünməz oldu,

O yandan Topxana meşəsi getdi.

 

Hamı insan idi öz torpağında,

Ölmək asan idi öz torpağında.

Hərə bir xan idi öz torpağında,

Elin xanı getdi, paşası getdi.

 

Sızladım!— gözümdə yaş parçalsndı,

Beyin silkələndi, baş parçalandı.

Baxdım,- yolum üstə daş parçalandı,

Elə ki gözümdən daşa su getdi.

 

Ay Əşrəf, gülünclər qoy bizə gülsün,

Sızlayan ürəyin yansın- tökülsün…

Başına daş düşsün ,yıxılsın, ölsün

Kimin ki əlindən ŞUŞASI getdi.

1992

ŞUŞA QALASI

Qisas qiyamətə qalmadı!— Şükür!

Hayıma hay verdi Şuşa qalası.

Zəfər bağlarının meyvələrindən

Nə gözəl pay verdi Şuşa qalası.

 

Göy yerə məftundur, yer göyə aşiq,

Ləldir, cəvahirdir torpağı, daşı…

Qoluma güc verdi, gözümə işıq,

Dizimə hey verdi Şuşa qalası.

 

Nurlu kəkəşandır yolu, yolağı,

Dərdlərə dərmandır İsa bulağı,..

Bu da Cıdır düzü,— uçuş zolağı,

Möhtəşəm laynerdir ŞUŞA QALASI!

2025- ci il.