Əşrəf Veysəllidən İKİ ŞEİR : - Kitabxanaçı qız; KEÇƏRMİŞ
Sənin iş yerinə gəlirəm hər gün,
Əgər bu günahsa, günahımdan keç.
Bəzən bir kəlməni söyləmək üçün
Bir insan ömrü də bəs eləmir heç.
Daha kitablar da yetişmir dada,
Məndə də o dözüm, o tab qalmayıb.
Sənin işlədiyin kitabxanada
Məni tanımayan kitab qalmayıb.
Ölürəm dərdindən ölməkdən ötrü...
Sən mənə ölməyi unutdurmusan.
Tək bircə kəlməni demıkdən ötrü
Bütün kitabları oxutdurmusan.
Nə mənim könlümdə cəsarət, nə də
Sənin ürəyində bir insaf qalıb.
Burda – bu kitablar əhatəsində
Hələ yazılmamış, çap olunmamış,
Hələ oxunmamış bir kitab qalıb.
KEÇƏRMİŞ
Həsrətinin əlləri imdadsız anaların,
Ömrünü göy əskiyə bağlamaqnan keçərmiş.
Başında şimşək çaxar övladsız anaların,
Yetim qızın günləri ağlamaqnan keçərmiş.
Xoş günlərin qədəmi kəsilərmiş qapıdan,
Hər şey zamana bağlı,hər iş vaxtdan keçərmiş.
Çüy vurub bərkitməsən balta qaçar sapından,
Dəhrənin də boğazı sağanaqdan keçərmiş.
Sevdiyim gözəlliklər kölgən imiş sən demə,
Ən xoş havalar belə boğanaqdan keçərmiş.
Ömür adlı yol ki var-örkən imiş sən demə,
Axırda məzar adlı doğanaqdan keçərmiş.