Elşən Əzim - Əlövsət Saldaşa
Sözü top-tüfəng də dağıda bilməz,
Əzəldən hörmüsən sözlə ürəyi.
Həm yara görünər, həm əlvan naxış
Əgər görmək olsa, gözlə ürəyi.
Onda təlatümlü işi bilirəm,
Ötən hər baharı, qışı bilirəm,
Özüm dərd əhliyəm, yaxşı bilirəm
Dərd dəlir nə təhər bizlə ürəyi.
Biz yanıb- yaxıldıq, şən qaldı dünya,
Sivri tikanında qan qaldı, dünya.
Şair ürəyinə manqaldı dünya,
Bişirmə üstündə közlə ürəyi.
Axır ürək qanı göz yaşı kimi,
Könlün də ucadır dağ başı kimi
Saxla qayaların sal daşı kimi,
Saldaş, ağrın alım gözlə ürəyi.