Elşən Əzim - Düşsəm
Ədəbiyyat
21:00 / 10.06.2026
Baxış sayı: 158
Bilirəm, bir təhər baş saxlayaram
Əgər bundan artıq həsrətə düşsəm.
Mənə çətin gəlir asan yaşamaq,
Asandır, min kərə zillətə düşsəm.
Taleyim sükutla səs eylər mənə,
Yenə nə eyləsə, səs eylər mənə.
O qızın baxışı bəs eylər mənə,
Sonu görünməyən zülmətə düşsəm.
İlahi, ölmək də gözəl bir işdi,
Əzrayıl üzümə baxıb irişdi.
Cəhənnəm hamısı tanış-bilişdi,
Vallah darıxaram cənnətə düşsəm.