Əlizadə Nuri -  Məhəbbət bir az da qəza kimidi

Ədəbiyyat 10:29 / 13.06.2026 Baxış sayı: 194

 

Sevinc əkiləndə mən də var idim,

Yada salmadılar biçində, qadın.

Göy üzü bir məktub göndərib mənə

Heyif, adın yoxdur içində, qadın.

 

Sən hara çəkildin?- sən çəkiləndən,

Bir gün də nəşəm yox, yüz gün ahım var.

Mən sənə yüz dəfə "bağışla" dedim-

Sən elə bildin ki, yüz günahım var.

 

Gəl, gedib oturaq öz küncümüzdə,

Bizim nə işimiz özgə masada?

Adam hərdən çıxıb getmək istəyir

Lap elə getməyə yer olmasa da...

 

Xoşbəxtlik uzaqdan boylanır bizə,

Dərə aşa bilsək, dağ çıxa bilsək...

Məhəbbət bir az da qəza kimidi-

Biz də bu qəzadan sağ çıxa bilsək...

 

...Sevinc əkiləndə mən də var idim,

Yada salmadılar biçində, qadın.

Göy üzü bir məktub göndərib mənə

Heyif, adın yoxdur içində, qadın...