Şövkət Zərin Horovlu - Ana

Ədəbiyyat 12:12 / 12.06.2026 Baxış sayı: 495

 

Ömür başa çatıb ta sahildəyəm,

İndi mən səmt tutum hayana, ana?

Səsimə səs verə sənli günlərim,

Bəlkə daş yuxudan oyana, ana?

 

Özünlə apardın uşaqlığımı,

Yüyürdüm , yıxıldım çata bilmədim.

Apardın ərkimi , şıltaqlığımı,

Ərkimi götürən tapa bilmədim.

 

Sənin yaşındayam, səni gəzirəm,

Aldadır gümanlar , bəlkələr məni.

Ay ana, hərdən də sənin yerinə,

Uşaqtək ovudur nəvələr məni.

 

Dörd yanın qış,bahar soyuqdur, nədən,

Buzlayıb torpağın ,daşın da burada?

Evin ,otağın da daş qıfıllıdır,

Donur gözlərimdə yaşım da burda.

 

Hərdən uçurur boş xəyallar məni,

Gözlərim dolanıb qapıda qalır,

Hənirin yuxudan oyadır məni,

Qollarım boşluğa açılı qalır.

 

Bir addım yol qalıb , adlasam bitər,

Kirdarım qalmayıb canımda, ana!

Yalvardım ,gəlmədin mənim dünyama,

Barı sən yer elə yanında, ana!

2026.