Fərhad  Tapdıqoğlu - Olmuş əhvalatlar-20

YAZARLAR 08:17 / 12.06.2026 Baxış sayı: 620

Bir az da təbəssüm

 

 

Bu əhvalat rayonların birində baş verib.Bəlkə də çoxları eşidib.

Yazmağı məqsədəuyğun hesab etdim.

Şirməmməd erməni kirvəsi Ardaşın maşınla rayon mərkəzinə getdiyini görür və onun işlərini görüb, qayıdacağı zamanı gözləyir .Çünki maşınların az olduğu o illərdə bunu hər kəs təxmin edə bilirdi.

Şirməmməd mundar olmuş eşşəyinin leşini kəndin ərazisindən keçən maşın yoluna gətirir .

Ardaş rayondan qayıdarkən yolda Şirməməd onun qarşısını kəsir :

--Əə, kirvə niyə eşşəyimi vurub qaçmısan ?

Yekə kişisən ,mən eşşəksiz neyniyəcəm indi?

Eşşəyin pulunu ver,tez ol-deyib, Ardaşın yaxasından yapışır .

Ardaş:

--Ara neynirsən? Yaxamı burax.Məzhəb haqqı, mən vurmamışam sənin eşşəyini-kirvəsinin əlini geri itələyir.

Şirməmməd:

--Əə ,bu yoldan sənnən başqa maşın sürüb keçən olmayıb.Tez ol ,uzatma,eşşəyin pulunu ver- Ardaşın üstünə qışqırır.

Xülasə, Şirməmməd "qır-saqqız " olub Ardaşdan yapışır və eşşəyin pulunu alır...

...Təxminən bir neçə həftədən sonra Şirməmməd bir xotuğun başına ( eşşəyin balası) ip keçirib yola çəkir.

O yenə də Ardaşın rayon mərkəzindən qayıtdığı vaxtı bilirdi.

Şirməmməd Ardaşa əl eləyir ki,maşını saxlasın.

Ardaş maşını saxlayıb düşərək, onun yanına gəlir:

--Nə var a Şirməmməd?

Nə olub yenə?- soruşur.

Şirməmməd :

--Bu sən vurduğun eşşəyin balasıdır.Yetim qalıb.Pulunu ver, bunu da al-deyir .

Ardaş:

--Ara, sən nə danışırsan? O eşşək erkək idi ,axı?- deyir.

Şirməmməd :

--Əə ,gic erməni ,erkək eşşəyin balası olmur ki?

Nə gicdiyirsən ?

Erkək eşşək olmasa, dişi eşşək necə doğa bilər?

Sən erkək eşşəyi vurdun ,öldürdün.

Dişi eşşək ,yəni bu xotuğun anası erkəyin xiffətini elədi , o da öldü...

Yetim xotuğu neynəyim?

Davay,tez elə.Xotuğun pulunu ver ,götür apar- Ardaşdan əl çəkmir...

...Şirməmməddən yaxa qurtarmağın mümkünsüz olduğunu görən Ardaş xotuğu eşşək qiymətinə almağa məcbur olur...

...Ardaş bir daha o yolla rayon mərkəzinə getmir."Alternativ " yol tapır...