Ədalət Abbasov, ADPU-nun filologiya fakültəsinin dostenti: - Yaradıcılığı insanlıq gövhəri və mənəvi gözəllik xəzinəsi olan xanım şairəmiz

Xalq arasında məşhur olan bir aforizmdə belə deyilir: “alimi elmindən, şairi kitabından tanıyarlar”. Bu fikir sanki Mahirə xanım üçün nəzərdə tutulmuşdur. Parlaq elmi təfəkkürə və mükəmməl istedada sahib olan Mahirə xanım haqqında – onun istər elmi, istərsə də bədii yaradıcılığı barədə fikir söyləmək məsuliyyətli və çətin olduğu qədər, həm də şərəfli və fəxarətli bir işdir.
Doğma Azərbaycanımızın dilbər güşələrindən biri olan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Süst kəndində dünyaya göz açan Mahirə xanım ömrünün təhsil pilləsinə 1968-ci ildə səkkizillik Xalxal kənd orta məktəbinin birinci sinfinə daxil olmaqla qədəm qoyub həmin məktəbi müvəffəq qiymətlərlə bitirsə də, orta təhsilini Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbdə başa vurmuşdur.
Mahirə xanımın həyat yoluna nəzər saldıqda, bir-birindən zəngin üç mərhələ və üç obraz görmək mümkündür: 1. Müəllim; 2. Şair; 3. Alim Mahirə xanım obrazı. Bunların hər biri məxsusi keyfiyyətlərinə görə fərqlənsə də, bu obrazların fövqündə dayanan müəllim obrazıdır. Bu da təbiidir. Ulu öndər demiş, bundan müqəddəs peşə düşünmək qeyri-mümkündür. Bu peşənin mənəvi ucalıq simvolu olduğunu hələ özü şagird olduğu ilk illərdən sözün əsil mənasında dərk edən Mahirə xanım hər zaman bu fikri müdafiə etmişdir.
1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə qəbul olan Mahirə xanım ali təhsilini başa vurana qədər təkcə filologiyanın deyil, gələcəkdə çalışacağı müəllimlik peşəsinin sirlərinə də dərindən bələd olmağa nail olmuşdur. Ümumiyyətlə, tələbəlik dövrünü Mahirə xanımın ömrünün bahar çağı adlandırsaq, daha yerinə düşər. Çünki həmin illər gələcəyin peşəkar müəllimi, məhsuldar alim və qüdrətli söz ustasının istedadının saf çeşmə kimi coşub-çağlayan vaxtı hesab edilir.
Şagirdlərin təlim-tərbiyəsində, yüksək hazırlıqlı mütəxəssislər kimi yetişməsində ilk töhfəsini Mahirə xanım hələ 1984-cü ildən – pedaqoji fəaliyyətə başladığı Abşeron rayon Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə müəllim işlədiyi vaxtdan vermişdir. İlk kövrək addımlarını bu məktəbdə atan gənc müəllim sonra çalışdığı Bakı şəhər N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MJK-da artıq peşəkar müəllim olaraq yetişir.
Deyirlər ki, millət məktəbdən, müəllimdən başlanır. Müəllimlik şərəfli işdir, çünki öz həyatını xalqın gələcəyinə həsr edir. Xalqa verilmiş həyat isə xoşbəxtlikdir. İstər orta, istərsə ali təhsil sahəsində vaxtlarda Mahirə xanım çalışdığı sənətin məsuliyyətli olduğunu diqqətdə saxlamışdır. O, günəş kimi şagird və tələbələrinə mənəvi həyat vermiş, uşaq və gənclərə daim qayğı ilə yanaşmış, bu yüksək əxlaqi məziyyətləri ilə xalqının mənəvi sağlamlığı keşiyində durmuşdur.
Bu müqəddəs peşəni 2009-cu ildən ali məktəb divarları arasında davam etdirən Mahirə xanım tərbiyə işini yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmaq prinsipini əsas tutaraq universitetin ictimai həyatında fəal iştirak etməklə, gənc nəsildə vətəndaşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşdırır.
Sağlam düşüncəli, dərin zəkalı, vətənpərvər və milli təəssübkeş bir yeniyetmə ordusunun yetişməsində fədakar əməyinə görə, dövlət və hökumətimiz onu layiqincə dəyərləndirmişdir. Belə ki, pedaqoji fəaliyyətinin qaynar çağında Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır.
Mahirə xanımın həyat yolunu işıqlandırdıqda onun yaradıcılığında elmi fəaliyyətinin xüsusi mərhələ təşkil etdiyinin şahidinə çevrilirik.
2012-ci ilin yanvarında “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan alim 2017-ci ilin mayında “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, filologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Dilçilik və ədəbiyyatımızın ən müxtəlif sahələrinə həsr etdiyi əsərləri ilə təkcə Azərbaycan filologiyasına deyil, ümumən Azərbaycan elmi təfəkkürünə yeni nəfəs, təzə ruh gətirən Mahirə xanım dərin araşdırmaları nəticəsində əldə etdiyi orijinal elmi tapıntıları ilə filologiya elmini xeyli zənginləşdirmşidir.
Professor M.Hüseynova 2015-ci ildə Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçildi. O, bu vəzifəsini, eləcə də 2018-ci ildən filologiya fakültəsinə seçildiyi dekan vəzifəsini ancaq filologiya elminin inkişafına, Azərbaycan dilçiliyinin tərəqqisinə sərf etdi və etməkdədir. Demək olar ki, Mahirə xanım indi də dayanmadan filoloji araşdırmalar aparır, yeni-yeni innovatik fikirlər üzə çıxarır, elmi baxımdan faydalı tapıntıların tədqiqi istiqamətində gərgin əmək sərf edir. Onun gərgin əməyi sayəsində yalnız dekanı olduğu fakültənin elmi potensialının güclənməsi deyil, ümumən Azərbaycan filologiya müstəvisində canlanma, müsbət dinamika müşahidə edilməkdədir.
“Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” (Bakı: 2018) əsərində Mahirə xanımın gördüyü işlər, toxunduğu problemlər sırasında Azərbaycan türkcəsinin mənşəyi, ədəbi dil tarixi, xüsusilə norma, üslub və s.-lə bağlı araşdırmaları da ayrıca mövqeyə malikdir.
Ümumiyyətlə, alimin elmi fəaliyyəti bir sistem təşkil edir. Bu sistemdə məxsusi sanbal və çəkiyə malik olan hər bir əsər yalnız professor Mahirə xanımın deyil, ümumən Azərbaycan filologiyası elminin uğuru sayıla bilər.
Əvvəldə qeyd etdiyimiz kimi, Mahirə xanımın yaradıcılığının böyük bir qolunu onun bədii yaradıcılığı təşkil edir. Mahirə xanım poeziyaya çox gənc yaşlarında çox böyük yaradıcılıq enerjisi, heyrətedici bir səmimiyyətlə gəlmişdir. Şairənin səmimiliyi onun ruhən güclü olmasından, daxili zənginliyindən, intellekt sərbəstliyindən qaynaqlanır. Poeziya tariximizdə vətənpərvərlik və qəhrəmanlıq nəğməkarı kimi şöhrət tapan Mahirə xanımın poeziyası vətəni və xalqına yeni bir münasibət və düşüncənin bədii ifadəsidir. Yurduna bağlılıq, torpağa, millətə sevgi örnəyi olan şeirləri insan və onun mənəvi əzəməti haqqında yazılmış himnlərdir.
“Haqqa çağıran səs (şeirlər)”, Bakı, “Vətən” 2015. “Ruhuna beşiksə, tanı, vətəndir”. Bakı: “Aspoliqraf”, 2015.
“Salam olsun (Vətənpərvərlik şeirləri)”, Bakı: 2021, və s. şeir kitablarının hər biri insanlıq gövhəri, mənəvi gözəllik xəzinəsidir. Mahirə xanımın poetik irsi təkcə ədəbiyyatımızın deyil, ümumən Azərbaycan və daha geniş kontekstdən yanaşsaq, görərik ki, türk mədəniyyəti hadisəsidir.
Bir sözlə, pedaqoji elmi və bədii fəaliyyəti ilə ensiklopedik irs sahibi olan Mahirə xanımın zəngin yaradıcılıq xəzinəsini cəmi bir neçə səhifəyə yerləşdirmək qeyri-mümkündür. Bu irs öz aktuallığını daimi qoruyub saxlayacaq, buna saysız-hesabsız fəlsəfə və elmlər doktorluğu dissertasiyaları həsr olunacaq. Çünki bu irs tükənməz bir xəzinədir.
Mən isə bu xəzinəyə aid cəmi bir neçə məsələyə toxundum.
Qələminiz daimi iti, sözünüz hər zaman kəsərli olsun, dahi insan!
