Əbülfət MƏDƏTOĞLU : - Öpülüb göz üstünə qoyulan toz

Və yaxud sinə üstdə bitən lalə
Hər bir şeir, ümumiyyətlə isə, hər bir bədii söz bir ovqatın, bir təəssüratın, bir düşüncənin və nəhayət, bütövlükdə bir ilham pərisinin diktəsidi. Ona görə də oxuyanda, dinləyəndə həmin ovqatı sən də yaşayırsan. Sənə elə gəlir ki, o şeirin, o sözün müəlliflərindən biri də sənsən. Təbii ki, bu da söz sahibinin uğurudu, yaradıcılığının ona bağışladığı mükafatdı. Çünki söz oxunub, dinlənilib və yaddaşa köçüb. Bununla da yaşam haqqı qazanıbdı...
Bəli, mənə elə gəlir ki, dəyərli oxucularımın və həm də elə Qəşəm Nəcəfzadənin yaradıcılığını izləyənlərin yaddaşında bir fikir ilişib qalıbdı. Həmin fikir də Qəşəm Nəcəfzadəyə məxsusdu. Hələ uzun illər bundan öncə – yəni qaçqınçılığın ilk illərində Qəşəm İmişlidə yaşayırdı və orda bir yazı yazmışdım. Yazının adı da belə idi:
- Biz üç şair idik.
Bəli, Qəşəm dəyərli şairimiz, unudulmaz Vahid Əlifoğlundan, məndən və özündən yazmışdı. Yaradıcılıq talehləri oxşar olan bu üçlüyü oxucuya təqdim etmişdi. Etiraf etmək lazımdır ki, özünəməxsus yazı manerası olan şair Qəşəm Nəcəfzadə nasir kimi də, publisist kimi də oxucu rəğbətini qazanmağı bacarıbdı. Ona görə də imzası axtarılır, aranılır. Mən də «Bir şairin bir şeiri» layihəmə uyğun olaraq Qəşəmin qapısını döydüm. Buradaca əlavə edim ki, Qəşəmin müəllifi olduğu kitabların böyük əksəriyyəti mənim kitabxanamı bəzəyir və mən də o kitablarla tez-tez həmsöhbət oluram. Bu dəfə də əlimi uzadıb onun «Oğlum, qapını aç, qapıda bir külək ölür» şeirlər kitabını götürdüm və elə ilk oxuduğum da «Çoxu az elədim...» şeiri oldu. Qəşəm yazmışdı ki:
Gözəl-gözəl sözlər tozuymuş tamam
Gəlin çiçək qoyaq tozun üstünə.
Bəlkə də çiçəkmiş tozun özü də
Qoyulub hər gözəl sözün üstünə.
Zənnimcə, bu bənddə Qəşəmin sözə münasibəti, ona təqdim etmək ustalığı və ən vacibi isə, onu öz baxış bucağı altında, özünün gördüyü donda, biçimdə təqdim etməsinin şahidi oluruq. Deməli, sözlə tozu bir-birinin içindən keçirtmək elə diqqətlə tapılmış bədii fikirdir ki, onu adam bir anlıq öz sözü kimi, öz fikri kim qəbul edir. Elə bilirsən ki, bunu Qəşəmə sən demisən. Elə mən də Qəşəmin dediyi həmin o üç şairdən biri kimi fikrimi mövzunun əhatə dairəsinə yaxınlaşdırıb bir növü ona qoşuluram və yazıram ki:
Tükəndi verdiyin vaxt
Zaman ötür üstümdən.
Hardandı məndə bu bəxt
Saman ötür üstümdən.
Məncə bu bənddə də siz müəyyən bir uğurun şahidi ola bilərsiniz. Özünüz də qəbul edərsiniz ki, zaman ömür donunda, vaxt biçimində özümüzdən, içimizdən keçib gedir. Hələ o ötən zaman ümidsizliyin bizə hakim olduğu anda saman çöpünə də bənzəyir. Ondan da yapışmaq istəyirik. Lakin bu mümkünsüz bir cəhd. Həmin o ötən zaman içərisində Qəşəm də sözə verdiyi qiymətə və bir də sözün özünün içindəki işığa bir az da yaxın dayanıb sanki mənə təsəlli verir. İstəyir ki, onun yaşadığı həmin ovqat mənim üstümdən keçən zamanın mənə vurduğu zərbəni unutdursun. Bu məqsədlə də fikrini davam etdirir:
Çoxu az elədim, mən aza yendim,
Yüz sözdən qeyb olub bir sözə yendim.
İlahi, bu səhər Namaza yendim,
Çəkdim yer kürəsin dizim üstünə.
Artıq burada şair dostum bir-iki addım da qabağa gedir. Mənim üstümdən keçən zamanın bir anlıq qarşısını kəsib yer kürəsini dizinin üstündə çəkib oturur. Bu isə onun ilahiyə, inanca, namaza güvənindən və ordan aldığı dəstəkdən qaynaqlanan bir gücdür. Təbii ki, o güc dayaq nöqtəsi kimi Qəşəmin varlığında özünü ehtiva edibdir. Bax, mən də dostumun gücünü hiss edib bir az sanki özümü çırpıram, özümü yenidən toparlayıb sənə, məni duyanlara, eşidənlərə üz tuturam və hamının diqqətini özümə çəkmək üçün yazıram:
Güvə ələyə düşüb,
Çınqı bələyə düşüb.
Bir quş lələyi düşüb
Əyil, götür üstümdən.
Burda isə, necə deyərlər, mən bir az şairlik edirəm. Çünki üstümə düşən quş lələyini götürmək ilk baxışdan adidən adi bir işdi. Amma onu sənin götürməyin artıq mənə diqqət, sayqı və sevgidir. Deməli, hardasa sənin diqqətini özümə çəkmək üçün seçdiyim bu fikir şeirin ovqatını bir az sevgiyə, məhəbbətə doğru dəyişir. Bunun da bir səbəbi Qəşəmin şeirinin növbəti bəndindəki gur işıqdı, alovdu. Həmin o işığın da, alovun da mayası təbii ki, sevgidi:
Can qoydum hər sözü mən ələ aldım,
Yerə qoymadım ki, könlümə aldım.
Sənin ayağının tozuymuş sandım,
Tozu öpüb qoydum gözüm üstünə.
Görürsünüzmü, necə ustalıqla etiraf edir Qəşəm sözü ələ almaq məharətini. Onu da qabardır ki, özümünküləşdirdiyim sözü təkcə əlimdə, ovcumda saxlamıram, onu həm də könlümə köçürürəm. Çünki əlimdən düşə bilər. Onda təbii ki, yerə düşən söz tapdalanmaq təlaşını da yaşayar... Və deməli, bütün bunların kulminasiyasında isə onun ürəyinə qoyduğu söz – sən demə sevdiyinin ayağının tozu imiş. Ona bərabər imiş. Burda bir yol qalır, bir məntiqi nəticə çıxır – o da həqiqi sevginin diktəsidir. Qəşəm də o diktəyə qulaq asır və o tozu – o sözü öpüb gözünün üstünə qoyur!!! Bax, bu, sevgidi, bu sevginin zirvəsidi. Mən də həmin o təxmin etdiyim, özüm bildiyim kimi çözdüyüm məqamın aurasında qayıdıram şeirimin başının üstünə və onu belə yekunlaşdırıram:
Bu oyuna girəli
Kədər keçdi irəli.
Torpaq sorur şirəmi –
Lalə bitir üstümdə.
Bəli, mənim də sevgim ürəyimdə elə kök atıb ki, o, son nəfəsimdə bu dünyadan köç edəndə özümlə bərabər, qəlbimdə gedib, orada da ikinci ömrünü qazanacaq və lalə kim bitəcək üstümdə. Kim inanır inansın, inanmayan da bunu şair sözü saysın. Bütün hallarda isə, burda qazanan Qəşəmin və mənim söykəndiyim sevgidi. Çox arzu edərdim ki, hər kəs öz sevgisinə sahib çıxsın və ona söykənsin, onunla yaşasın. Onda sevginin, sevdiyinin ayağının tozu da öpülüb göz üstündə, həmçinin lalə kim sinə üstündə bitmək haqqını əbədi yaşayacaqdır.
