Bu  şagirdlər   əlavə imtahan verəcək

Elm 09:39 / 03.09.2023 Baxış sayı: 2465

Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək.

Yenises.az xəbər verir ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 71 nəzarətçi-müəllim, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı, 5 bina nümayəndəsi ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə avqustun 30-dan etibarən çap edib götürə biliblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunub. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 312, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 200 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə 70 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.