BİR OLUB - SÜLEYMAN ABDULLA.

Ədəbiyyat 12:26 / 20.04.2026 Baxış sayı: 323

 

Nə zamandı adamların,

İçi, çölü bir olub.

Bir pəncərə dünyanın,

Toru, tülü bir olub.

 

Maraq var yas saxlamağa,

Başa qara bağlamağa.

Fərqi yoxdu ağlamağa,

Diri, ölü bir olub.

 

Su dilini varmı bilən,

Tanrı ilə yarmı bilən...

Susan qamışlarmı bilən,

Sözü, gölü bir olub.

 

Qara günün varmış ağı,

Olmur haqqın solu-sağı.

Söndü bildiyin ocağı,

Közü, külü bir olub...