Aləmzər Sadıqqızı - Səni Tanrım kimi bilən mənmişəm...

Ədəbiyyat 10:53 / 20.04.2026 Baxış sayı: 318

 

Sən ki, nə oğrusan nə qatil ömrüm,

Bəs nədən ömrümdən ömür çalırsan?

Nədən oğurlayıb özümdən məni,

Sonra da gözümdən belə salırsan?

 

Ruhumu çalmağı necə bacardın?

Mən ki, gizlənmişdim öz ürəyimdə.

Əllərim üzümdə, oturub küncdə,

Özümə deyirdim, döz ürəyimdə...

 

Deyirdim, az qalıb ömrün sonuna,

Daha alışmağa közün qalmayıb.

Sənki adam kimi sevə bilmədin,

Nə ruhun, nə də ki, sözün qalmayıb.

 

Mən sənə gələndə özümü deyil,

Ruhumu gətirdim, oyansın bir az...

Bir az yaşamağa səbəbim olsun,

Ağrıya, acıya dayansın bir az.

 

Döyündü könül də, sagaldı ruh da,

Ömrümün içində ömür bitirdin.

Sən mənim küsəyən, incik ruhumu,

İmana gətirdin, dinə gətirdin.

 

Mən hardan biləydim könül oğrusu,

Ömrümün qatili elə sənmişsən...

Hələ boyüməyən, hələ uşaq tək,

Səni Tanrım kimi bilən mənmişəm...

 

Sən demə yalanmış mənə sevgin də,

Yalanmış hər sözün,söhbətin yalan.

Məni məndən çalan gülüşün yalan,

Məni yarıyolda əlindən salan.

 

Demişdin yarımçıq qoymaram səni...

Sən demə yarımçıq olan mənmişəm...

Taleyi kəm olan, ömrü qəm olan,

Həyatı yarıda qalan mənmişəm..

 

Aləmin ömürlük məhkumu sənsən!

Cəzan susmaq olar cavablarıma

Səni yaşadacam dualarımla,

Səni əhv edəcəm savablarına.

15.1.2025.