Ayaz Arabaçı  - Mənim könlüm deyir Ki..

YAZARLAR 18:43 / 05.06.2026 Baxış sayı: 205

 

Bu yazı bir həftə öncə yazıb fb-də paylaşdığım yazımın davamıdır.

Bu dəfə bu yazının davamını yazmaq üçün məsuliyyət hiss elədim..

Burda yazılarımı axtarışa verib, ötən tarixlərə baxanda gördüm ki, bu şəkildə bir xeyli yazılar var ki davamı olacaq yazmışam və yarımçıq qoyub, getmişəm.

Dünən bir dost-bir oxucu mesajı aldım:

Yazmışdı ki, bunu bizə nasıl yaparsan şair?.

Məsuliyyətimi dərk edərək bu mövzunu bir az da irəli aparmağa çalışdım..

Gözəl və yaxşı günlərin gəlməsi üçün bir önəmli şərt də var. İnsan o günləri gözləyərkən öz içindəki insanı öldürüb axırına çıxmamalıdır. Çünki yaşadığımız ağrırılar, əzablar BİZİ tamam dəyişib etinasız, maraqsız, məzmunsuz hala gətirir. Sərtləşirik, qəzəbdən daşlaşırıq, kinli oluruq.Sonra da hiss etmədən özümüz də bir vaxtlar şikayət etdiyimiz pis, murdar, yaramaz adamlara çevrilirik.

Mən həmişə düşünmüşəm ki, insanın böyüklüyü yaxşı günlərində yox, pis günlərində üzə çıxır. Yaxşı gündə gülmək, əl tutmaq , səxavətli olmaq asandır. Əsl insanlıq dar gündə son tikəsini böləndə, göz yaşını gizlədib başqasına təsəlli verəndə, öz ağrısına baxmayaraq kiminsə yarasına məlhəm olanda üzə çıxır.

Adamlar var ki, onların həyatında hər şey qaydasında görünür. Amma heç kim bilmir ki, o adam gecələr hansı ağrılarla yatıb, səhərlər hansı dərdlərlə oyanır. Elə yaralar var ki, nə sarğı tutur, nə dərman. Onları yalnız zaman və mərhəmət sağalda bilir.

Ona görə də mən bu çətin günlərdə adamlara bir az fərqli baxmağa çalışıram. Kimsə kobud danışanda, əsəbi davrananda, yaxud susanda dərhal hökm verməyə tələsmirəm. Düşünürəm ki, bəlkə onun da içində heç kimin bilmədiyi bir ağrı var. Bəlkə o məhz indi öz şəfasını, məlhəmini arayır, baharını gözləyir

və səbirsizlənir..

Hamımız eyni səma altında yaşasaq da bir-birimizdən, bir-birimizin yükündən xəbərsizik.

Bu yerdə Asif Atanı xatırlayıram.. Filosof deyirdi ki, "yükümüzdən böyük fərəhimiz yoxdur"..

Kiminin yükü görünür, kimininki görünmür. Kiminin dərdi dilindədir, kimininki ürəyində. Amma hamımızın ehtiyacı olan bir şey var: anlayış, mərhəmət və ümid.

Həyatın bütün hikməti elə bundadır. Nə qədər qaranlıq olsa da, işığa inanmaq. Nə qədər soyuq qış olsa da, baharı gözləmək. Nə qədər çətin olsa da, yenidən başlamağa cəsarət etmək.

Yenə gəlib oturmuşam elə həmin yerdə. Nədəni də bu ki, özümə təlqin eləmişəm ki, bu yazının davamını burdan başqa heç yerdə yaza bilmərəm. Deyən gərək, ay adam get evdə otur, kompüterdə rahat yaz, bu nədi telefonda balaca-balaca hərflərlə əlləşirsən..

Mən indi bu sətirləri yazarkən yenə adamlar gəlib keçir. Kimisi tələsir, kimisi dayanır, kimisi telefonuna baxa-baxa yol gedir. Hərəsinin öz aləmi, öz dərdi, öz sevinci var. Amma mən onların hamısına ürəyimdə bir söz deyirəm:

Eyy qardaşım, eyy bacım, yorulmusansa, bir az dincəl, ağrıyırsansa, döz. ümidsizsənsə, gözlə.

Çünki zamanın min illərdir dəyişməyən bir qanunu var: Heç bir zülmət əbədi deyil,heç bir qış sonsuz deyil..

Amma sözün düzü, bunları yazdıqca fikrim yenə adamlara qayıdır. Bəlkə də ona görə ki, insan ömrünün ən böyük mövzusu elə insanın özüdür.

Bir az əvvəl dediyim kimi, oturduğum yerdən gəlib-keçən adamlara baxıram,hərəsi bir kitabdı. Kiminin üzündə sevincdən bir hekayə, kiminin gözlərində qüssədən bir roman yazılıb.. Adamların çoxu danışmır, amma diqqətlə baxanda görürsən ki, hərənin çiynində görünməyən bir yük var.

Onlara baxdıqca uşaqlıq illərim yadıma düşür.

Nəydi bizim sevincimiz?

Bir top, bir ağac kölgəsi, bir bulaq başı, bir siqaret kötüyü..

bir də dostlarımızın səsi bəs edirdi ki, özümüzü dünyanın ən xoşbəxt adamı hesab edək.

O vaxtlar günlər uzun, qayğılar qısa idi.

Axşam düşəndə həyətlərdən gələn yemək qoxuları, anaların uzaqdan eşidilən səsləri gələrdi..

Doqqaza yığılıb söhbət edən ataların yanından bismillahla keçərdik. .. İndi o günləri xatırlayanda adamın ürəyindən qəribə bir sızıltı keçir. Çünki o günlərin çoxu yaddaşımızda qalıb,o adamların çoxu isə torpağın altındadı.

İllər keçdikcə başa düşürük ki, əslində uşaqlığımızı yox, o günlərin insanlarını arayırıq.

Bir vaxtlar evimizin işığı olan adamlar bir-bir köçüb getdilər. Ana, əmi, dayı, bibi, qohum, qonşu... Hər gedən öz payı qədər boşluq apardı. Əvvəllər bayramlarda dolub-daşan süfrələrin başında indi boş qalan yerlər var, boş stullar var. Adam bəzən həmin boş qalan yerlərə baxıb saatlarla fikrə gedir.

Ölüm haqqında çox düşünmüşəm, ölüm insanı həyatdan ayırır, xatirələrdən ayıra bilmir. Sevdiklərimiz gedirlər, amma bir sözdə, bir mahnıda, bir küçənin sonunda,bir ağacın altında yenidən qarşımıza çıxırlar.

Bəzən bir qoxu gəlir və illər əvvəlki günə qayıdırsan. Bəzən bir səs eşidirsən və elə bil itirdiyin adam yanında dayanıb. Bəzən də gecənin bir aləmi yuxudan ayılırsan və anlayırsan ki, darıxmaq deyilən hiss insanın ömrü boyu daşıdığı ən ağır yüklərdən biridir.

Amma həyat kamil bir müəllimdir.

O, insana əvvəl dərsi verir, sonra mənasını öyrədir.

Biz çox şeyi vaxtında anlaya bilmirik: Valideynlərin qədrini, dostluğun qiymətini, zamanın sürətini, ayrılığın ağırlığını... Bunlar hamısı illər keçəndən sonra çatır bizə...

Bəlkə də buna görə insan yaşa dolduqca daha az danışır, daha çox düşünür.

Çünki anlayır ki, ömür əslində bir göz qırpımından da qısadır.

Dünən orda idik. Bu gün yaşadığımız gündəyik. Sabah isə kim bilir harada olacağıq...

Ona görə də insanın ən böyük qazancı nə puldur, nə şöhrət, nə vəzifə.

İnsanın ən böyük qazancı arxaya baxanda peşman olmadan xatırlaya bildiyi, anllardır..

Bir də

Səni sevən adamlar... Sənin sevdiyin adamlar... Yaxşılıq etdiyin adamlar...

Və bir də, bir də.. yoxluğunda səni anacaq adamlar...

Çünki ömrün sonunda insanın qazancı ancaq və ancaq bunlardır. Qalan hər şey zamanın selinə qarışıb gedir...