Adilə Nəzər - MÜHACİRƏT MONOLOQU
(Azərbaycanın mühacir şairi Almas İldırımın xatırəsinə)
I BÖLÜM
Ey, oğlum, ey qardaşım,
Ey, dostum, ey tanışım.
İllərdi ki, susmuşam-
Qoyun mən də danışım.
Gəlin, tanışlıq verim,
Bağrımda min dərd-ələm.
Yazdığımı yazmadı
Alnımı yazan qələm.
Nə gülşənim qalıbdır,
Nə də ki, çəmənzarım.
Sağ vaxtı, yurdum itdi,
Öləndə də məzarım.
Vətənimdən sürüldüm
Yarası göz-göz oldum.
İki yoxluq arası
Nəfəs alan söz oldum.
Adımı yazmadılar
Vətənin dəftərinə,
Şərik oldum ölüncə
elimin dərdlərinə...
Zaman çox ağır gəldi
qəfil söndü ocaqlar...
Söküb atdılar məni
Azğınlaşmış “qoçaqlar”.
Adım Almas olsa da
qəmə daş kəsilmişəm.
Bilməzdim baharımda
bir xəzan fəsilmişəm...
II BÖLÜM
Yadımdadır, o vaxtlar...
“Pioner” jurnalının o kiçik,
O darısqal kağız qoxan otağı.
Dostlar yığışardı hey...
Süleyman, Müşfiq, Cavad...
Azadlıq arzusuyla
Uçardıq - qoşa qanad...
Vətənin hər daşına,
torpağına söz qoşub,
şeirlər toxuyardıq,
nəğmələr oxuyardıq.
Tezcə unudulardı küsmələr, incimələr...
Bəzən də bir söz üstə
divarları titrədən, uzun mübahisələr...
İlahi, mən o vaxtlar necə də xoşbəxt idim,
Ruhum qaynar, özümsə Xəzər kimi dinc idim...
Vətənimə, Bakıma aşiq olan gənc idim...
Nə gözəl günlər idi –
hərəsi bir biçimdə...
Mən Vətənin içində,
Vətən də mənim içimdə...
III BÖLÜM
Mən hardan bilərdim ki,
üstümüzə gələcək qan rəngli imperiya...
Qara kölgəsi necə düşəcək
o ağ, təmiz, aydın misralarıma...
Bir gün... soyuq otaqda üzümə qışqırdılar.
Səsini kəs!- dedilər.
"Yaşasın rəhbər!" deyə bilmədiyimə görə
"millətçi", "müsavatçı",
"bəypərəst" və sairə damğası geydirdilər.
Adımın üzərindən qalın,
qırmızı bir xətt çəkib sürgün etdilər...
Çünki mən o tiplərin oyuncağın qırırdım,
mən bütöv bir millətin dərdini hayqırırdım.
***
Vətənimdə durumlar ürəkaçan deyildi,
Başı əyilməyənin bel-buxunu əyildi...
Yoldaş belə satırdı ən yaxın yoldaşını,
Çox güclü işləyirdi repressiya maşını...
***
Bax, ilkin çat o zaman düşdü mənim qəlbimə...
Öz doğma evimdə də mənə yad baxan oldu,
Dostlar məndən gen gəzdi,
salam-kəlam soyudu...
küçələrim daraldı, gündüzlərim qaraldı...
Öncə redaksiyadan,
sonra doğma Bakının qucağından qovdular.
Söküb atdılar məni
doğma Bakı qumundan,
Abşeron küləyindən,
o vətən torpağından.
Və bir gecə yarısı,
bir vərəq kağız verib dedilər ki:
“Sən artıq bura aid deyilsən...”
Beləcə sənədlərdən son ünvanım silindi...
Xəzərlə sonuncu gəz vidalaşa bilmədim.
Qatar tərpənən zaman dəniz arxada qaldı,
mənsə o içimdəki dalğalanan dənizi
özümlə bir ömürlük sürgünlərə apardım...
IV BÖLÜM
Millətçi damğasıyla Dağıstana sürüldüm,
sonra Türkmənistana..
Həsrət düşdü bəxtimə
deyən dilim lal oldu.
Bir gün gəldi adımı
yad şəhərin daşında,
divarında oxudum.
O şəhər də unutdu –
sanki mən heç yoxuydum...
Sürgün getdiyim şəhər qoruyammadı məni,
Demək ki, yeni sürgün olacaqdı qismətim...
***
Bir qaranlıq gecədə sərhədləri adladım,
Ayağımda qan qusdum, sinəmdə fəryadladım.
Bir körpə fidanımı yollarda basdırdım mən,
İki yaşlı Azərin ömrün salıb qırdım mən...
Burda da tapmadım heç nə haqqı, ədaləti,
Sanki vətəndən alıb qaçırdım fəlakəti...
İrana dustaq oldum, yollara qurban oldum,
Axır ki, qucaq açdı mənə qardaş torpağı...
Sonra Rəsulzadə də qədərimə tən oldu,
Türkiyə bizim üçün ikinci vətən oldu...
***
Amma bura nə qədər doğma, əziz olsa da,
Ürək o tərəfdəydi, qəlbim Abşerondaydı.
Palunun dağlarında, Elazığın qışında
Mən rəsmi kağızlara ömrümü sığışdırdım.
Torpaq doğma olsa da, bura heç alışmadım...
Yazdığım hər sətirdə, hər məmur imzasında
Gizlicə Bakı adlı bir vətən naxışladım...
***
Gedəndə bircə ovuc torpaq götürməmişdim.
sanırdım qayıdacam.
Yenə dönüb vətənin şirinliyin dadacam.
İlk illərdə hər dəfə qapım döyülən anda
elə bilirdim məni geriyə çağırırlar...
İllər keçdi,
çağıran səslər, dillər dəyişdi.
Şəhərlər də böyüdü ildən ilə içimdə.
vətənimsə kiçildi...
Hamı unutdu məni...
Mənsə unutmamaqçün gecələri gizlicə
yolların, küçələrin adını təkrarladım...
Gizli məktublar yazıb dostları soraqladım...
V BÖLÜM
Gün gəldi, doğma oğlum
uzaq yollar adladı.
Malatyada bir qərib məzar axtarışilə
başdaşımı aradı,
adımı soraqladı...
Tapmadı...
Demək ki, mən
oraya da sığmadım.
Zaman keçdi, sökdülər mən yatan məzarlığı.
Qərib sümüklərimi o torpaqdan atdılar.
Bir nişanə də belə saxlamadılar məndən,
Son ünvanım silindi,-
varlığım tam bilindi...
Belə də olmalıydı...
Ruhum burda deyildi,
burda qalmazdı bədən...
Hansı torpaq tutardı qəlbimdəki Xəzəri?
Hansı daş sinəmdəki ildırıma dözərdi?
Məzarım yoxdursa, mən
demək ki, ölməmişəm...
Bəlkə hələ yoldayam...
Sözümlə, şeirimlə küləklərə qoşulub
Abşerona, Bakıya, Xəzərə qayıdıram...
Zamanları adlayıb uyumaması üçün
milləti oyadıram.
Adilə Nəzər 05.06.2026