Ayaz ARABAÇI : - Ehtiyacı var...
Dərd əkib, dərd doğan adamlar üçün,
Nə ata, nə ana ehtiyacı var.
İndi bu torpağın, indi bu yurdun,
Təzə bir romana ehtiyacı var..
Yoxdu dərdimizi hesaba vuran,
Havadan iy çəkir yerindən duran..
Elə qurubdu ki, nizamı, quran..
Yaxşının yamana ehtiyacı var.
Silaha çatmayan əlim utancaq..
Qələmi ox kimi hayana sancaq..
Hər işi düzəlib millətin ancaq,
Qopuza,kamana ehtiyacı var..
Çıxdı zəhmətimiz hər zaman kirə,
Salam göndərirəm efirdən şirə..
Bu xalqın seyidə, ocağa, pirə,
Mollaya, şamana ehtiyacı var..
Hardadı qızıldan yaxası zər gün,
Cüt günü böhtandı,tək günü şər gün,
Eşşək eşşəkdi ki, onun da hər gün,
Bir ovuc samana ehtiyacı var..
Beş-altı misrayla uyardım şahı,
Nə vaxt yerdə qalıb məzlumun ahı..
İtin yiyəsi var, qurdun allahı..
Hər şeyin zamana ehtiyacı var..