Ayaz Arabaçı : - Dözürsən...

16:40 / 23.05.2024 Baxış sayı: 896

Səni hər gün uşaq kimi aldadır,

Ovuc-ovuc dərman-dəva, dözürsən.

Buludların qara köçü yoldadır,

Alıb səni bir boz hava, dözürsən.

 

Heç bu qədər dözüm yoxdu dəmirdə,

O həkimdə-bu həkimdə, təmirdə,

Uçuq-sökük xaraba bir ömürdə,

Çəkməsən də zövqi-səfa dözürsən.

 

Köksün hərdən dəniz kimi çalxanır,

Unutmusan zərbələrə qalxanı,

Qapın-bacan soyuqları saxlamır,

Bilirsən ki, yoxdu şəfa, dözürsən.

 

Kimin, nəyin xəyalını qurmusan.?..

Ağ divarda şəkil kimi durmusan,

Otuz yaşdan iliyini vurmusan,

Qalıb elə quru qafa, dözürsən.

 

Allah bilir hansı gündü ,son həmlə..

Mən də elə səfehlikdə sənəm də..

Nə tapıbsan,

50 ildi sinəmdə,

Mənim kimi bir əclafa dözürsən..