Arzu  Əsəd - SİYASİ  TƏLƏ

YAZARLAR 16:15 / 12.10.2026 Baxış sayı: 440

1996-cı ildə Müdafiə Nazirliyindən zabit kimi on nəfərlik bir qrupla Türkiyənin İzmir şəhərində Hava Lisan Okulunda (Aviasiya Dil Məktəbi) birillik ingilis dili kursuna göndərilmişdim.

Türkiyə hökumətinin hər bir neçə aydan, bir neçə ildən bir başçılarını dəyişən vaxtları idi. Kursda Türkiyə təyyarəçiləri ilə bir oxuyur, dərsdən sonra da çox zaman türklər demiş, bir takılır, bir çalışır, bir əylənirdik. O vaxt türk ordusu əslində türk siyasətini müəyyənləşdirən bir qurum idi. Bir il o hərbi strukturun, təhsil sistemi ilə əlaqəli olsa da, bir qurumunun içində olmaq ölkənin hərbi-siyasi səciyyəsinə daha dərindən bələd olmaq imkanı verirdi.

Elə o zamanlarda Türkiyə ictimai-siyasi həyatının baş mövzularından biri türban məsələsi, baş örtüyü məsələsi idi. Biz azərbaycanlı zabitlər türk zabitləri ilə - hərbiçi müəllimlərimiz və türk hərbi təyyarəçiləri ilə mübahisə və müzakirələr edirdik, təəccüblə deyirdik ki, Türkiyə kimi bir ölkənin ana gündəmi niyə baş örtüsü olmalıdır ki? Abi, bu nədir? Bəs Azərbaycanda belə bir şeyin olması qətiyyən mümkün deyil. Baş örtüsü e, qadınların başına örtdüyü bir parça, böyük bir ölkənin, bizim də gözümüzü dikdiyimiz, gələcək inkişaf perspektivlərimizi onun gələcəyi ilə bir uzlaşdırdığımız bir ölkənin ana gündəminə baxın! Yaxşı yadımdadır, Okulun rəhbərlərindən olan paşalardan biri gülümsəyərək dedi ki, tələsməyin, siz də bu yolu keçəcəksiniz, sizdə də belə olacaq.

O vaxt bizim sadəlövh bir təəccüblə baxdığımız o ana gündəm - baş örtüsü məsələsi bir neçə il sonra Türkiyədə islami xarakterli bir partiyanın hakimiyyətə gəlməsində böyük rol oynadı. Onda biz azərbaycanlı zabitlərin ağlına da gəlməzdi ki, Azərbaycanda baş örtüsü ilə bağlı bu günkü hadisələr baş verə. Amma bu neçə onilliklər ərzində Azərbaycanda xarici ölkələrin dini icmalar adı altında ölkəyə pıtraq kimi səpələnmiş saqqallı dini emissarlarının fəaliyyətlərini müşahidə edərkən mən dəfələrlə öz-özümə türk dostlarımızın dediyi o sözləri təkrarlayırdım: Bizdə də belə olacaq! Oldu da! Amma bu illər ərzində qonşu ölkələrin, eləcə də sovet dövründə eyni taleyi və həyat tərzini yaşadığımız türk-müsəlman respublikalarının da təcrübəsi bizə çox şey öyrədib. Məktəblərdə uşaqlara baş örtüsü qadağası bir az gecikmiş olsa da, olduqca zəruri qanundur. Bunu tənqid edən şəxslər anlamalıdırlar ki, bu, bir mənəvi-dəyər məsələsi olmaqdan çıxıb, vicdan haqqı olmaq məsələsindən çıxıb. Bu artıq bir SİYASİ məsələdir.

Bu, neçə onilliklərdir ki, əhalisinin çoxu müsəlman olan ölkələr üçün qurulmuş SİYASİ TƏLƏDİR! Bu gün bəzi orta məktəblərin qarşısında sadəlövh, səmimi dindar vətəndaşlarımızın, körpə balalarımızın mənəvi duyğularını istismara yönəlik bəzi çevrələrin keşirdikləri mitinq və toplantılar da Azərbaycan dövlətinin siyasi iradəsinin vaxtında, rüşeymindəcə qarşısını aldığı böyük, bir təhlükənin dəf edilməsindən, gələcək üçün məkrli planlarının pozulmasından təşvişə düşən çevrələrin təşkil etdiyi qanunsuz tədbirlərdir. Bu fonda yaradılan guya 18 yaşdan yuxarı xanımların da iş yerlərində hicab taxmasına qadağalar qoyulması kimi dezinformasiyalar, düşmən təxribatları da cəmiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyildir.

Tələsik reaksiyalar verməyək, hadisələrin gedişini bulandırıb din adına dünyəviliyə, ateizm adına əhalinin dindar qisminin heysiyyatına toxuna biləcək gəvəzəliklərlə məşğul olmayaq. Bir tərəfdən İslam dininin mənəvi dərinliklərinə nüfuz edən Nizaminin, Füzulinin, Cavidin, digər tərəfdən isə cəhalət və xurafatın qarşısına sarsılmaz bir idrak divarı hörən Axundovun, Mirzə Cəlilin ölməz irsini yaşadan Azərbaycan xalqı ifratlardan arınıb həm öz dinini qiymətli milli-mənəvi dəyər kimi qoruyub saxlamağa, həm də müasir həyatın əsaslarından biri olan dünyəviliyi qoruyub saxlamağa qadirdir

. Bu xalq, bu cəmiyyət həm qadının baş örtüsünün mənəvi-tarixi dəyərini çox gözəl anlayacaq bir idrak səviyyəsinə, həm də sadəcə bir geyim nümunəsi olan qadın baş örtüsünün onun siyasi gələcəyini müəyyənləşdirməyə, baş örtüsünün bir simgə kimi onun müstəqillik yollarında SİYASİ TƏLƏYƏ cevrilməsinə imkan verməyəcək dərəcədə siyasi şüur səviyyəsinə malikdir.