Aida Adıgözəl - Payız etüdləri
Bu ölü sükutu incidir məni,
hirsdən,
qəzəbdən partlamağa
hazır vulkanam bu gün.
Bütün hüceyrələrim üsyana qalxmış.
Gəl od Allahı,
sənə məğlub olmaq istəyirəm...
Demə kövrək sevdalar da payız kimiymiş,
yağdıq yerə son baharda
sarı-sarı,
yarpaq-yarpaq..
Qırılaraq düşdük yerə
könlümüzdən,
bir xəzrinin öpüşündən utanaraq,
ağac-ağac,
budaq-budaq...
Eh, gilanar ağacları,
hər sabah günəşi mən qucaqladım,
günəşin öpüşündən utanıb qızaran
sənin yanaqların oldu...
Xoş gəldin - deməyə macal tapmadım
saçları alnına dağılmış adam,
payız küləyi
kəpənək kimi uçurdu səni ovcumdan,
barı qanadlarının tozunu
buraxmayaydın xatirə kimi...
Sevdim limon çiçəklərini,
bəyaz, ətirli...
O yarpağınacan rayihə qoxan
gözəlim ağacınsa meyvəsi sarı, turş...
Sevgisini gizlədən duyğusuz, qəlbsiz, ilgisiz adamlar kimi...
Hərdən yollara da təşəkkür düşür,
həm bizdən keçənlər üçün,
həm bizim keçdiklərimiz üçün...
Nə yaxşı çarpaz yollar da var,
hərdən qarşılaşmaq üçün...