Aida Adıgözəl : - Göydən üç alma düşdü

Ədəbiyyat 09:14 / 02.09.2023 Baxış sayı: 1167

 

Bu sabah beynimdə matəm marşları,

bütün mahnılara, günəşə küsmüş,

kədərli notlarla oyanıb qalxdım.

Bu sabah özümü sahildə yenə

yalqız köpəklərə sirdaş buraxdım.

Başım duman kimi, əlimdə tilov,

kədər yağışında leysana düşmüş,

ötən günlərimə qarmaq atıram.

Köpüklü dalğalar tanımır məni,

yenə əlləri boş, evə çatıram...

...Yenə də tənhayıq xallı köpəyim,

evdə biraz şorba, quru çörək var,

yeməyə köhnədən bir şey tapılar.

Burda daşa basar laqeyd adamlar,

gedək, dörd divar var, bizi qoruyar.

Gedək... sən hürərsən, səs-küy salarsan,

qaçaram qapıya sevinc içində,

bizim də zəngimiz guya basılar.

Bax, o şəkildəki boz köynək adam,

əlləri çiçəkli... qapı açılar.

Yenə də musiqi, yenə ziyafət,

yenə yaxın dostlar, yenə qohumlar,

yenə mətbəxdəyəm, xoş qonaqlıqlar.

Yenə saçlarımı bir əl dağıdar,

yenə şirin cilvə, yenə danlaqlar...

Biri sənin, biri mənim, biri də...