Xanim Ismayılqızı : - Həkk olunan Kəlam olur, Söz olur...

"Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı, pisdən ağızda bir dad qalar."
M.H. Şəhriyar.
***
İndi hər gün, hər an belə sınağdı,
Dünya özü adam daman çanağdı,
Bizmi ona, omu bizə qonağdı?
Bu aləm də ocağ olar, od olar.
Təklənərsən, hamı sənə yad olar.
Dənlənirik, bu dünya quş kimidi,
Oynayırıq, ruhumuz yaş kimidi,
Daşıyırıq, ömrümüz daş kimidi,
Yerin göydən şikayəti bitəydi.
Hamı birdən arzusuna yetəydi.
Bu torpaq da dincəlməyə vaxt istər,
Dağılanlar qurulmağa taxt istər,
Bəşəriyyət əbədilik baxt istər,
Bu arada hamı adam olaydı.
Sevmək üçün çoxlu ürək qalaydı.
Burda bitən bəndələrin gözləri,
Savaşırlar, kiriyirlər özləri,
Əllər göydə, torpaq üstə dizləri,
Duaları nəfəs alır, can verir.
Hər nəfəsdə damla-damla qan verir.
Həkk olunan Kəlam olur, Söz olur,
Öz adını qazananlar iz olur,
Ürəklərə köçənlərsə az olur,
Şəhriyarın avazını yad edək.
Oxunduğu dünyasını şad edək.