Ülkər Nicatlı : - Kədər ocağı

Bu söz heykəlinin önündə çoxdan,
Cavabsız məktuba dönüb qalmışam.
Bu günki həsrəti yola salmamış,
Yenə ayrılıqdan məktub almışam.
Sənin insafına yenə qar yağır,
O sevgi qoxulu yolların hanı?
Könlümü oxşayan qoşa misra tək,
Boynuma sarılan qolların hanı?!
Sənsizlik qoxuyan qərib misralar,
Gör necə üşüdür mənim qəlbimi.
Ovcunun içində tutrək əllərim,
Kaş yenə çırpınsın göyərçin kimi.
Qərib bir nəğməyə dönüb,əzizim,
Daha ləzzəti yox sənsiz həyatın.
Kədər ocağı tək üşüdür məni ,
Hər gün dodağımı isidən adın.